🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Özbəkistanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Mədəniyyət gücümüzdür – həmrəylik birliyimizdir” şüarı altında bayram tədbiri təşkil olunub.

Tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət və ictimai təşkilatların təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də Özbəkistanda yaşayan Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında humanitar və mədəni təşəbbüslərin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Özbəkistanda yaşayan Azərbaycan diasporu da bu həmrəyliyin ayrılmaz hissəsidir.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli qeyd edib ki, hər iki ölkə prezidentlərinin siyasi iradəsi nəticəsində Azərbaycan və Özbəkistan arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq müttəfiqlik səviyyəsinə yüksəlib. Onun sözlərinə görə, bu amil humanitar və mədəni əlaqələrin daha da genişlənməsi üçün möhkəm zəmin yaradır.

Tədbirin bədii hissəsində Azərbaycanın tanınmış xanəndəsi Rəvan Qaçayev və gənc müğənni Ülkər Abdullayeva çıxış ediblər. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarı Bülbül” teatr truppası Azərbaycan klassik dramaturgiyası və musiqili teatrına aid səhnəciklər, eləcə də xalq mahnıları təqdim edib. Eyni zamanda, Mərkəzin nəzdində fəaliyyət göstərən “Qarabağ Zəfəri” rəqs ansamblının çıxışı maraqla qarşılanıb.