🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qulu Məhərrəmli: Kremlin təltif etdiyi Solovyov müharibə təbliğatının simvoludur

Azərbaycan.media xəbər verir ki, Ukraynaya qarşı işğalçı müharibənin ən aqressiv və alovlu təbliğatçılarından biri olan, Rusiya dövlət televiziyasının aparıcısı Vladimir Solovyovun “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilməsi Kremlin müharibə siyasətinin mahiyyətini bir daha açıq şəkildə ortaya qoyur.
Bu fikirləri professor, əməkdar jurnalist Qulu Məhərrəmli səsləndirib. Onun sözlərinə görə, Solovyovun Kremldə, Rusiya Prezidenti Vladimir Putinin hüzurunda orden alması və çıxışı təkcə bir jurnalistin mükafatlandırılması deyil, eyni zamanda insan həyatını heçə sayan müharibə təbliğatına verilən açıq siyasi qiymətdir.
Qulu Məhərrəmli bildirib ki, Solovyov uzun müddətdir dövlət televiziyasının efirindən istifadə edərək Ukraynaya qarşı işğalçı müharibəni haqq qazandırır, yüz minlərlə rus əsgərinin və minlərlə dinc insanın həlak olmasına göz yumur, müharibəni qəhrəmanlıq kimi təqdim edir. Onun fikrincə, belə şəxslərin təltif olunması Rusiyada mediadan necə dağıdıcı silah kimi istifadə edildiyini göstərir.
“Bu cür ‘jurnalistlər’ informasiya müharibəsinin ən təhlükəli fiqurlarıdır. Onlar faktları təhrif edir, zorakılığı normallaşdırır və cəmiyyətə nifrət aşılayırlar. Solovyovun orden alması Rusiyada müharibə təbliğatının artıq dövlət ideologiyasına çevrildiyini sübut edir”, – deyə professor vurğulayıb.
Əməkdar jurnalistin sözlərinə görə, Rusiya tarixi zaman-zaman belə yaramaz fiqurlar yetişdirib, lakin onların dövlət səviyyəsində qəhrəmanlaşdırılması nadir və son dərəcə təhlükəli presedentdir. Bu, yalnız Ukrayna üçün deyil, bütün region və dünya üçün ciddi təhlükə siqnalıdır.
Qulu Məhərrəmli hesab edir ki, müasir dünyada jurnalistikanın əsas missiyası insan həyatını, sülhü və həqiqəti qorumaqdır. Müharibəni təbliğ edən və zorakılığı təşviq edən şəxslərin jurnalist adlandırılması isə peşəyə və cəmiyyətə qarşı açıq hörmətsizlikdir.

 

Mənbə: Azərbaycan.media