Azərbaycan.media xəbər verir ki, Kamçatkaya yağan güclü qar və şiddətli külək səbəbindən bölgədə vəziyyət kəskin şəkildə ağırlaşıb və yerli mənbələr bunu “apokalipsis” kimi xarakterizə ediblər.
Bu barədə “Mash” Teleqram kanalı xəbər yayıb. Kanalın paylaşdığı videoda siklonun təsiri ilə küləyin sürətinin saniyədə 45 metrə çatdığı bildirilir. Bu səbəbdən bölgədə bütün fövqəladə və kommunal xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.
Məlumata əsasən, əlverişsiz hava şəraiti dekabrın 28-dək davam edəcək. Petropavlovsk-Kamçatskidə ictimai nəqliyyatın hərəkəti dayandırılıb, sakinlərdən şəxsi avtomobillərdən istifadə etməmələri xahiş olunub. Ənənəvi avtobuslar əvəzinə isə şəhər ətrafında xüsusi növbəli nəqliyyat vasitələri fəaliyyət göstərir.
Bildirilir ki, hakimiyyət orqanları bəzi regional magistral yolları bağlamağı planlaşdırır. Yelizovo hava limanında isə azı 10 reysin təxirə salındığı qeyd olunub.
“Baza” Teleqram kanalının məlumatına görə, Kamçatka yarımadasına son günlərdə iki aylıq normadan artıq yağıntı düşüb. Xüsusilə Petropavlovsk-Kamçatskidə vəziyyətin daha ağır olduğu, ictimai nəqliyyatın tam dayandırıldığı, Ust-Bolşeretski rayonunda isə bir neçə yolun tamamilə bağlandığı bildirilib.
