Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar–noyabr aylarında Gürcüstan Azərbaycandan 202,3 milyon ABŞ dolları dəyərində təbii qaz alıb.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz azdır. Təkcə noyabr ayında isə Gürcüstan Azərbaycandan 31 milyon ABŞ dolları dəyərində “mavi yanacaq” idxal edib ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 14 faiz azalma deməkdir.
Məlumata əsasən, 2025-ci ilin ilk 11 ayı ərzində Gürcüstan xarici ölkələrdən ümumilikdə 364 milyon ABŞ dolları dəyərində təbii qaz alıb. Bu isə bir il əvvəlki göstəricidən 1,4 faiz çoxdur.
Hesabat dövründə Gürcüstana Rusiyadan 161 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərindən 275,4 min ABŞ dolları, Çindən 185,3 min ABŞ dolları, İrandan isə 135,4 min ABŞ dolları dəyərində təbii qaz tədarük olunub.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan ümumilikdə 435,5 milyon ABŞ dolları dəyərində 2,315 milyard kubmetr təbii qaz idxal edib. Bunun 254,3 milyon ABŞ dolları dəyərində 1,664 milyard kubmetri Azərbaycanın payına düşüb.
