Azərbaycan.media xəbər verir ki, İsveç Ukraynanın Enerji Dəstək Fonduna əlavə olaraq 63,8 milyon avro ianə edib. Bununla da İsveçin fonda verdiyi ümumi maliyyə töhfəsi 203,1 milyon avroya çatıb. Bu göstərici ilə İsveç Almaniyadan sonra fondun ikinci ən böyük donoruna çevrilib.
Məlumata görə, İsveçin ayırdığı maliyyə vəsaiti hesabına Ukraynanın enerji çatışmazlığının daha kəskin hiss olunduğu bölgələrdən birində paylanmış elektrik enerjisi istehsalı layihəsi üçün zəruri avadanlıqlar alınıb. Eyni zamanda Xerson, Zaporojye və Çerniqov vilayətlərində fəaliyyət göstərən paylama sistemi operatorları, o cümlədən “Ukrenerqo” üçün də müvafiq avadanlıq təmin edilib.
Nazirlik vurğulayıb ki, bu dəstək Ukraynanın enerji infrastrukturunun dayanıqlığının artırılması, fövqəladə vəziyyətlərdə enerji təchizatının fasiləsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, indiyədək Ukraynanın Enerji Dəstək Fonduna müxtəlif donor ölkələr və beynəlxalq tərəfdaşlar tərəfindən ümumilikdə 1,5 milyard avrodan artıq vəsait cəlb olunub. Bu vəsaitlər əsasən müharibədən zərər görmüş enerji infrastrukturunun bərpasına və enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəldilir.
