Azərbaycan.media xəbər verir ki, Əməkdar artist, İctimai Televiziyanın (İTV) əməkdaşı Nailə İslamzadə “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif edilib.
Bu barədə tanınmış aparıcı özü açıqlama yayıb. Nailə İslamzadə bildirib ki, yubiley medalı ona İTV-nin baş direktoru Balakişi Qasımov tərəfindən təqdim olunub.
Açıqlamasında göstərilən yüksək qiymətə görə təşəkkürünü ifadə edən Nailə İslamzadə bu təltifin onun üçün böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayıb. O, uzun illər televiziya və media sahəsində fəaliyyət göstərən bir şəxs kimi Azərbaycan milli mətbuatının yubileyi münasibətilə belə bir mükafata layiq görülməsini qürurverici hesab etdiyini qeyd edib.
Qeyd edək ki, Nailə İslamzadə uzun illərdir Azərbaycan mediasında, xüsusilə də İctimai Televiziyada aparıcı və jurnalist kimi fəaliyyət göstərir, milli televiziya məkanında peşəkar fəaliyyəti və mədəniyyət sahəsinə verdiyi töhfələrlə tanınır. “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı isə ölkədə mətbuatın inkişafında və ictimaiyyətin məlumatlandırılmasında xüsusi xidmətləri olan şəxslərə təqdim olunur.
