🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Leyla Əliyeva “ANİMAFİLM Studio”nun yaradıcı heyəti ilə görüşüb

Azərbaycan.media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “ANİMAFİLM Studio”nun yaradıcı heyəti ilə görüşüb.

Görüş zamanı Leyla Əliyeva studiyanın əməkdaşları ilə səmimi söhbət aparıb və ölkədə animasiya sənətinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb. Görüşdə studiyanın direktoru Rəşid Ağamalıyev, Əməkdar mədəniyyət işçisi və Prezidentin fərdi təqaüdçüsü Elçin Hami Axundov, həmçinin studiyanın digər əməkdaşları iştirak ediblər.

Leyla Əliyevaya “ANİMAFİLM Studio”da istehsal olunan yeni animasiya filmləri təqdim olunub. Göstərilib ki, Azərbaycan və Özbəkistan animasiya ustalarının birgə hazırladığı “Yer və Ay” və Azərbaycan, Polşa və Almaniya mütəxəssislərinin əməkdaşlığı ilə ərsəyə gələn “Yulaf dönərgə” qısametrajlı filmləri artıq yaradılıb.

Eyni zamanda, studiyanın istehsalına başlanmış “İsi və Piti” adlı yeni uşaq animasiya serialının ilk iki seriyasının ilkin variantları təqdim olunub. Bildirilib ki, bu serial uşaqlara Azərbaycanı, onun milli-mədəni dəyərlərini və müasir dövrdə inkişaf edən sənət sahələrini tanıtmaq baxımından əhəmiyyətli maarifləndirici rol oynayacaq.