Azərbaycan.media xəbər verir ki, yaz fəslində havanın tez-tez dəyişməsi dəqiq proqnozların verilməsini çətinləşdirir. Bu barədə hidrometeorologiya üzrə mütəxəssis Marina Makarova açıqlama verib.
Onun sözlərinə görə, payız və qış aylarında hava proqnozu hazırlamaq daha asan olur. Bu mövsümlərdə yağıntılar geniş əraziləri əhatə edir və əsasən üfüqi istiqamətdə hərəkət etdiyindən onların izlənməsi və proqnozlaşdırılması daha rahat başa gəlir.
Yaz və yay aylarında isə vəziyyət fərqli olur. Bu dövrdə buludlar şaquli inkişaf edir, yağıntılar isə daha lokal xarakter daşıyır. Nəticədə, hava hadisələrinin dəqiq proqnozlaşdırılması çətinləşir və səhv ehtimalı artır.
Sinoptik bildirib ki, xüsusilə yay aylarında yağıntıları bir neçə gün əvvəldən proqnozlaşdırmaq demək olar ki, effektiv deyil. Bu səbəbdən qısamüddətli proqnozlara üstünlük verilməsi tövsiyə olunur. Bu metod Naukastinq adlanır və əsasən radar məlumatlarına əsaslanaraq 2–6 saatlıq hava proqnozu təqdim edir.
