Azərbaycan.media xəbər verir ki, Cənubi Koreya və Hindistan arasında 2030-cu ilə qədər ticarət həcminin 50 milyard dollara çatdırılması hədəfi ilə bağlı yeni iqtisadi razılaşma gündəmə gəlib.
“Yonhap” agentliyinə istinadən verilən məlumata görə, Hindistana səfər edən Cənubi Koreya prezidenti Li Ce Myun Yeni Dehlidə Hindistanın baş naziri Narendra Modi ilə görüş keçirib.
Görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında bildirilib ki, tərəflər iki ölkə arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsini müzakirə ediblər. Prezident Li qeyd edib ki, hazırda təxminən 25 milyard dollar olan ikitərəfli ticarət dövriyyəsinin 2030-cu ilə qədər 50 milyard dollara çatdırılması hədəflənir.
Tərəflər həmçinin Hindistanla Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin (CEPA) yenilənməsi üzrə danışıqların sürətləndirilməsi barədə razılığa gəliblər. Baş nazir Narendra Modi isə danışıqların bu il yenidən başlayacağını və mümkün qədər qısa zamanda yekunlaşdırılmasının planlaşdırıldığını bildirib.
Bundan əlavə, Yaxın Şərqdəki son proseslər fonunda enerji təchizatı zəncirlərinin sabitliyinin təmin edilməsi məqsədilə əməkdaşlığın gücləndirilməsi də müzakirə olunub.
