🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Paşinyan: Regionda nəqliyyat xətlərinin açılması sülhə xidmət edəcək

Azərbaycan.media xəbər verir ki, Nikol Paşinyan regionda nəqliyyat infrastrukturunun tam şəkildə açılmasının sülh və əməkdaşlığı gücləndirəcəyini bildirib.
Ermənistanın baş naziri qeyd edib ki, TRIPP layihəsinin həyata keçirilməsi və Gümrü-Qars dəmir yolunun istifadəyə verilməsi bölgəni Şərqlə Qərb, həmçinin Şimalla Cənub arasında mühüm sülh qovşağına çevirə bilər.
Onun sözlərinə görə, Ermənistan regional əməkdaşlığın praktiki tətbiqi üçün “3+3” formatının inkişafına xüsusi önəm verir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Paşinyan vurğulayıb ki, balanslaşdırılmış xarici siyasət yanaşmasının qəbul edilməsi ölkəyə və regiona fərqli baxış bucağı qazandırıb və bu, konkret nəticələr doğurub.
Baş nazir əlavə edib ki, ölkədə bəzi müxalif qüvvələr hakimiyyəti Azərbaycan və Türkiyə tərəfdarı olmaqda ittiham edir. O isə bildirib ki, əvvəllər bu ölkələrlə əlaqələr əsasən üçüncü tərəflər vasitəsilə qurulurdu və bu yanaşma effektiv nəticə vermirdi.
Paşinyanın sözlərinə görə, birbaşa dialoq mesajların daha dəqiq çatdırılmasına və konkret cavabların alınmasına imkan yaradır. O, Türkiyə və Azərbaycanla münasibətlərin inkişafının mühüm əhəmiyyət daşıdığını və hakim “Vətəndaş Müqaviləsi” Partiyasının bu siyasəti davam etdirəcəyini qeyd edib.