Azərbaycan.media xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə növbəti təlim toplanışına start verilib.
Müdafiə Nazirliyinin məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə təşkil olunan tədbirin ilkin mərhələsində şəxsi heyətin qeydiyyat işləri aparılıb.
Həkim müayinəsindən keçirilən hərbi vəzifəlilərə hərbi geyim forması və digər zəruri təminat vasitələri təqdim olunub.
Bildirilib ki, ehtiyatdan çağırılmış şəxslərə təlim müddətində Azərbaycan Ordusunun arsenalında mövcud olan hərbi texnikadan istifadə qaydaları, müasir döyüş üsulları və özünümüdafiə bacarıqları öyrədiləcək. Bununla yanaşı, real döyüş şəraitinə uyğun taktiki hazırlıq məşğələləri və digər praktiki təlimlər keçiriləcək.
Aprelin 28-dək davam edəcək təlim toplanışının əsas məqsədi iştirakçıların hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi, nəzəri biliklərinin artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
