Azərbaycan.media xəbər verir ki, Mədəniyyət Nazirliyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.
Nazirlikdən bildirilib ki, tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli təltif olunanları səmimi-qəlbdən təbrik edib, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən şəxslərin fəaliyyətini daim diqqətdə saxlayır, onlara xüsusi qayğı göstərirlər. Nazir vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənənin davam etdirilməsi yaradıcı insanların fəaliyyətinə mühüm stimul verir və onların yeni uğurlara imza atmasına şərait yaradır.
Mərasimdə Xalq artisti Tofiq Bakıxanova 1-ci dərəcəli “Əmək” ordeni, Xalq şairi Vahid Əzizə “Şərəf” ordeni, rəssam-animator Gülşən Quliyevaya isə “Tərəqqi” medalı təqdim olunub.
Tədbir çərçivəsində həmçinin tanınmış diplomat və tarixçi-alim Həsən Həsənova, Xalq artistləri Zamiq Əliyev, Şamil Süleymanov, Mənsum İbrahimov, Əməkdar artist Rita Əmirbəyova və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sevil Kərimovaya yubileyləri münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri diplomları verilib.
Təltifə layiq görülən mədəniyyət xadimləri onlara göstərilən yüksək diqqət və dəyərə görə Prezident İlham Əliyevə və Mədəniyyət Nazirliyinə minnətdarlıqlarını bildiriblər. Mərasim sonda xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.
