🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən sakinlərlə görüşüblər.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, sahəsi 13 hektardan çox olan yaşayış kompleksində 11 məhəllə üzrə 60 bina inşa edilib. Burada ümumilikdə 1268 mənzil mövcuddur. Onlardan 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır.

Qeyd olunub ki, dekabr ayında kompleksə 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailənin (4772 nəfər) Ağdama köçürülməsi planlaşdırılır.

Yaşayış binaları daimi su, elektrik və sürətli internet xətləri ilə təmin edilib, mənzillərdə istilik və isti su sistemi quraşdırılıb. Kompleksin ərazisində geniş abadlıq işləri aparılıb, təxminən 5 kilometr uzunluğunda daxili yollar salınıb, idman və uşaq oyun meydançaları, velosiped zolaqları, həmçinin yerüstü və 1218 yerlik yeraltı avtomobil dayanacaqları yaradılıb.

Prezident İlham Əliyev sakinlərlə görüşdə çıxış edərək Ağdamın bərpasının “Böyük Qayıdış” Proqramının mühüm tərkib hissəsi olduğunu bildirib, işğaldan azad edilmiş ərazilərdə müasir şəhər və kəndlərin qurulduğunu vurğulayıb. Dövlət başçısı Ağdamın işğal dövründə tamamilə dağıdıldığını, lakin Azərbaycan xalqının bu vəziyyətlə heç vaxt barışmadığını qeyd edib.

Görüş zamanı sakinlər Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildirərək, doğma yurdlarına qayıtmaqdan duyduqları sevinci ifadə ediblər. Sonda yeni mənzillərə köçən ailələrə evlərin açarları təqdim olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev bu yaşayış kompleksinin təməlini 2023-cü ildə qoyub, 2025-ci ilin fevralında isə tikinti işlərinin gedişi ilə tanış olub.