Azərbaycan.media xəbər verir ki, 2026-cı ildə dünya əmtəə bazarının əsas istiqamətləri — neft, təbii qaz, qızıl və əlvan metallar qlobal iqtisadi, geosiyasi və mövsümi amillərin təsiri altında qiymət dəyişiklikləri ilə üzləşəcək. Bazar iştirakçıları fyuçers müqavilələrinə əsaslanaraq gələn il üçün əsas proqnozlarını açıqlayıblar.
Neft: təklif tələbi üstələyəcək, qiymətlər enəcək
Energetika İnformasiyası Administrasiyası (EIA) və Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozlarına görə, 2026-cı ildə gündəlik neft təklifi tələbi 2–4 milyon barel üstələyəcək. Bu isə qiymətlərin aşağı düşəcəyini göstərir.
EIA “Brent” markalı neftin qiymətinin 2026-cı ilin birinci rübünün sonunda 53 dollar, ilin sonuna doğru isə tədricən 56 dollar səviyyəsində olacağını proqnozlaşdırır. Digər aparıcı maliyyə qurumlarının gözləntiləri isə nisbətən fərqlidir: “Goldman Sachs” orta qiyməti 56 dollar, “JP Morgan” 58 dollar, “Morgan Stanley” isə 60 dollar səviyyəsində görür.
Hazırda “Brent” üzrə yaxın aylar üçün fyuçers qiymətlərinin gələcək dövrlərə nisbətən daha yüksək olması bazarın nefti saxlamaqdan çox indi satmağa üstünlük verdiyini göstərir. “WTI” markalı neft üzrə isə fyuçerslərdə ciddi dəyişiklik müşahidə olunmur ki, bu da yaxın perspektivdə yüksək volatilliyin gözlənilmədiyini göstərir.
Qızıl: yüksək tələbat qalır
Neft bazarındakı qeyri-müəyyənlik investorların diqqətini qiymətli metallara, xüsusilə qızıla yönəldib. Son bir ildə qızılın qiyməti 68 faiz artaraq ən populyar investisiya alətlərindən birinə çevrilib.
Bu artımı dünya mərkəzi banklarının aktiv alışları, ABŞ Prezidenti Donald Trampın proteksionist siyasəti fonunda artan risklər və dollar üzrə inflyasiya gözləntiləri dəstəkləyir. Analitiklərin ümumi qənaətinə görə, 2026-cı ildə qızıla tələbat yüksək olaraq qalacaq. Gələn il qızılın orta qiymətinin 4200–4300 dollar ətrafında dəyişəcəyi, il ərzində isə 4500 dollara qədər yüksələrək yeni tarixi maksimumları yeniləyə biləcəyi istisna edilmir.
Təbii qaz: yayda ucuzlaşma, payızda bahalaşma
2026-cı ildə təbii qaz bazarında klassik mövsümi dalğalanmaların davam edəcəyi gözlənilir. Avropa İttifaqında qaz qiymətləri əsasən Niderlanddakı TTF qovşağında formalaşan fyuçerslərə əsaslanır. Bazar iştirakçıları ümumilikdə qiymətlərin enəcəyini gözləsələr də, sərt qış və geosiyasi risklər bu proqnozlara təsir göstərə bilər.
Yay aylarında qiymətlərin ucuzlaşması, payızda isə yenidən bahalaşması ehtimal olunur. Oxşar dinamika ABŞ qaz bazarında da müşahidə edilir. Henry Hub üzrə fyuçerslərə əsasən, yazda kəskin ucuzlaşma, ilin sonuna doğru isə qiymətlərin bərpası gözlənilir.
Əlvan metallar: qeyri-müəyyənlik davam edir
London Metal Birjasında (LME) nikel üzrə fyuçerslərin kontango vəziyyətində olması bazarda qiymətlərin əsasən sabit qalacağına işarə edir. “Norilsk Nickel”in məlumatına görə, 2026-cı ildə nikel bazarı ardıcıl beşinci il profisitdə olacaq. Bunun əsas səbəbi İndoneziyada hasilatın sürətlə artmasıdır. Bununla belə, rəsmi Cakartanın hasilatı məhdudlaşdırmaq cəhdləri qiymətlər üçün müəyyən dəstək yarada bilər.
Mis bazarında isə fərqli mənzərə var. Bu il misin qiyməti 36 faiz artıb və bazar iştirakçıları 2026-cı ildə cüzi ucuzlaşma gözləyirlər. 2025-ci ildə təklif defisiti qiymət artımının əsas səbəbi olub. 2026-cı ildə hasilatın 1,9 faiz artacağı proqnozlaşdırılır. Lakin “Norilsk Nickel” tələbin təklifi üstələməyə davam edəcəyini və qiymətlərin yüksək səviyyədə qala biləcəyini bildirir.
Palladium: ucuzlaşma riski yüksəkdir
2025-ci ildə palladiumun qiyməti təxminən iki dəfə artaraq unsiya üçün 1760 dollara çatıb. Lakin 2026-cı il üçün proqnozlar bu metalın qiymətində ciddi eniş ehtimalını göstərir. Əsas risk elektromobillərin istehsalının artmasıdır. Palladiumun təxminən 80 faizi daxiliyanma mühərrikli avtomobillərin katalizatorlarında istifadə olunur və bu avtomobillərə tələbin azalması qiymətləri aşağı sala bilər.
“Bloomberg”in məlumatına görə, 2026-cı ilin ikinci rübündə palladiumun qiyməti 1400 dollara, ilin sonuna doğru isə 1150 dollara qədər enə bilər. “Reuters”in sorğularında isə gələn il üçün orta qiymət 1260 dollar səviyyəsində proqnozlaşdırılır. Bununla yanaşı, “Norilsk Nickel” bazarda 0,1 milyon unsiya həcmində defisit yarana biləcəyini və investisiya tələbi davam edərsə, qiymətlərin yenidən dəstək tapa biləcəyini istisna etmir.




