Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Publika.az-ın məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidməti açıqlama yayıb. Telefon danışığı zamanı Türkiyə Prezidenti dövlətimizin başçısını doğum günü münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və səmimi təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan Prezidentinin Türkiyəyə, Türkiyə Prezidentinin isə ölkəmizə səfərləri məmnunluqla xatırlanıb, bu səfərlərin iki ölkə arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycana səfərinə toxunaraq, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 12-ci iclasının uğurlu nəticələrini xüsusi qeyd edib.
Telefon danışığı zamanı dövlət başçıları, həmçinin ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
