Azərbaycan.media xəbər verir ki, Tacikistan parlamentinin yuxarı palatası – Milli Məclis falçı və cadugərlərin xidmətlərindən istifadə edən şəxslərə cərimə tətbiq edən qanun dəyişikliyini təsdiqləyib.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, falçı və cadugərlərin xidmətindən yararlananlar 3 min 750-4 min 500 somoni (təxminən 486 dollar) cərimə olunacaqlar.
Milli Məclisin üzvü Məhmədəli Vətənzoda bildirib ki, dəyişikliklərin məqsədi “ekstremist ideologiyanın yayılmasını və xurafatçılığın artmasını önləməkdir”. Qanun parlamentin aşağı palatası tərəfindən qəbul edilib və Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Tacikistan Daxili İşlər Nazirliyi ötən il falçıların müştərilərinin DİN şöbələrinə çağrıldığını və onların adlarının, şəkillərinin ayrıca məlumat bazalarına daxil edildiyini açıqlayıb. Daha əvvəl falçılara qarşı cəzalar sərtləşdirilmiş və bəzi şəxslər həbs olunmuşdu, lakin bəzilərinin qohumları onların yalnız dua etdiyini bildirir.
Ölkədə cadugərlik və falçılıq həm inzibati, həm də cinayət məsuliyyətinə tabedir:
İlk pozuntu: 6 min – 7 min 500 somoni (648-810 dollar) cərimə və ya 10-15 sutka həbs
Təkrar pozuntu: 112 min 500 – 150 min somoni (12 155 – 16 206 dollar) cərimə və ya 1-2 il həbs
Qeyd olunur ki, 2026-cı il yanvarın 1-dən cərimələrin məbləği artırılacaq.
