🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bəxtiyar Vahabzadənin övladları Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Azərbaycan.media xəbər verir ki, Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu Azər və qızı Gülzar Vahabzadələr Prezident İlham Əliyevə məktub yazıblar.

Məktubda bildirilib:

“Çox möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

“Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2025-ci il 21 fevral tarixli Sərəncamınıza əsasən bu il ölkəmizin müxtəlif yerlərində elm, təhsil və mədəniyyət ocaqlarında ən yüksək səviyyədə tədbirlər və konfranslar keçirilmiş, İstanbul şəhərində abidə ucaldılmışdır.

Bu ayın 13-də Heydər Əliyev Sarayında Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılıq yolunu, onun əqidəsini və amalını əks etdirən möhtəşəm tədbir təşkil olunmuşdur. Həmçinin, bu il böyük Qarabağ qələbəsinin yubileyini də qeyd edirik. Qələbəmiz mübarək!

Sizin göstərdiyiniz diqqət və ehtirama görə Vahabzadələr ailəsi adından dərin minnətdarlığımızı bildiririk.

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Sizi və əzizlərinizi ürəkdən təbrik edirik.

Hörmətlə,
Azər və Gülzar Vahabzadələr”

Məktubda ailə, Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə göstərdiyi diqqət və ehtirama görə təşəkkürünü ifadə edib.