🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“İçərişəhər” metrosunun arxasında dönmə tunelinin tikintisinə başlanılır

Azərbaycan.media xəbər verir ki, metronun “İçərişəhər” stansiyasının arxasında dönmə tunelinin (dönmə kamerasının) inşasına start verilir.

“Bakı Metropoliteni” QSC-nin “Qafqazinfo”ya verdiyi məlumata görə, tikintinin əsas məqsədi xətlərin ayrılması fonunda hər bir xəttin müstəqil fəaliyyəti zamanı qatarlararası intervalların azaldılmasına nail olmaq və sərnişinlərə göstərilən xidmətin keyfiyyətini maksimum səviyyəyə çatdırmaqdır.

Qeyd olunub ki, mövcud vəziyyətdə qatarların eyni platformadan geri dönməsi texniki və təhlükəsizlik baxımından intervalın minimuma endirilməsinə imkan vermir. Dönmə kamerasının inşası bu məhdudiyyəti tam aradan qaldıracaq.

Layihənin icrasından sonra “İçərişəhər” stansiyasında sərnişinləri düşürdükdən sonra qatarlar stansiyanın arxasında yerləşən dönmə kamerasına yönələcək, oradan isə hazırda girişə qapalı olan platformaya daxil olaraq sərnişinlərlə “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edəcək.

Bu dəyişiklik arxadan gələn qatarların hərəkətinə mane olan amilləri və təhlükəsizlik səbəbi ilə intervalın azaldılmasına imkan verməyən bufer zonasını aradan qaldıracaq. Nəticədə sərnişin axınının daha təhlükəsiz və rahat tənzimlənməsi, qatarların hərəkətinin isə daha çevik təşkili mümkün olacaq.

Dönmə kamerasının inşası qırmızı xətt üzrə mümkün olan ən minimal intervalın tətbiqinə, sərnişinlərin minib-düşmə sahələrinin tam ayrılmasına, pik saatlarda ehtiyat qatarlarının dönmə kamerasında hazır saxlanılmasına, qatarların gecələməsi və gecə işləri üçün əlverişli şəraitin yaradılmasına, həmçinin texniki nasazlıq zamanı qatarların xətdən operativ çıxarılmasına imkan verəcək.

Vurğulanıb ki, dönmə kamerası sərnişinlərin metroya daxil olması üçün alternativ giriş yaratmayacaq və yalnız texniki məqsədlərə – qatarların sürətli manevrlərinə və parklanmasına xidmət edəcək.

Layihə şəhərsalma və ekomühit baxımından da paytaxt üçün əhəmiyyətli hesab olunur. Hazırda avtomobil dayanacağı kimi istifadə olunan ərazinin yerüstü hissəsi piyada zonası və yaşıllıq sahəsinə çevriləcək, yeraltı hissəsində isə 200-dən çox avtomobil üçün çoxmərtəbəli parkinq inşa ediləcək. Ən aşağı səviyyədə qatarların hərəkəti və texniki ehtiyaclar üçün müasir infrastruktur qurulacaq.

Tikinti müddətində bitişik küçədən keçən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmayacaq. “İçərişəhər” stansiyası isə bütün inşaat mərhələləri boyunca mövcud iş rejimində fəaliyyətini davam etdirəcək.