🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Bakı Metropoliteni” 2025-ci ildə dövlət dəstəyi və struktur dəyişiklikləri ilə fəaliyyətini davam etdirib

Azərbaycan.media xəbər verir ki, bu il fevralın 20-də “Bakı Metropoliteni” QSC Maliyyə Nazirliyindən ilin sonunda qaytarmaq şərti ilə 244,8 milyon manat faizsiz kredit alıb.

Səhmdar cəmiyyətinin məlumatına görə, metro həmçinin hökumətdən əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, vaqon və digər əsas vəsaitlərin alınması, həmçinin infrastrukturun inkişaf etdirilməsi üçün 73,63 milyon manat kapital vəsaiti alıb. Aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranmış zərərləri kompensasiya etmək məqsədilə isə şirkətə 42,662 milyon manat subsidiya ayrılıb.

Bundan başqa, iyul ayında “Bakı Metropoliteni”nin tikinti bölməsi ləğv edilib. Bu addım tikinti idarəçiliyində çevikliyi və səmərəliliyi artırmaq, korporativ strukturu sadələşdirmək və idarəetmə xərclərini azaltmaq məqsədi daşıyır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə 1 oktyabr 2025-ci il tarixindən etibarən tarifləri 50 qəpikdən 60 qəpiyə qaldırıb.

Xatırladaq ki, “Bakı Metropoliteni” indiki təşkilati-hüquqi formada Prezident İlham Əliyevin 27 fevral 2014-cü il sərəncamı ilə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin birləşdirilməsi nəticəsində yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 580,638 milyon manat təşkil edir.