🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda “Torpağın Səsi” platformasının audiovizual performansı təqdim olunub

Azərbaycan.media xəbər verir ki, paytaxtda “Torpağın Səsi” (Sound of Land) platformasının hazırladığı audiovizual performans təqdim edilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, “Zaman dairəsindən çıx, sevgi dairəsinə daxil ol” adlı rəqəmsal şou izləyiciləri musiqi, animasiya və vizual sənətin vəhdətində mənəvi bir səyahətə aparıb.

Performansın vizual əsası Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam və şair Leyla Əliyevanın rəsmlərinə əsaslanıb. Əsərlərdə sevgi, təbiətlə vəhdət və daxili işıq simvolizə edilib. Vizual konsepsiya Azərbaycanın Əməkdar rəssamı, “Atəş Hub”un təsisçisi Səbinə Şıxlinskaya tərəfindən hazırlanıb.

Musiqi və səs konsepsiyasını DJ Orxan Ağayev (DJ Pancho), səs dizaynını Teymur Qasımov, animasiya və hərəkətli qrafikanı isə Nigassandra və Renan Asədov təqdim ediblər. “Torpağın Səsi” platforması türk dünyasının etnik musiqi motivlərini elektron janrlarla sintez edərək yeni yaradıcılıq imkanları yaradır.

Layihə 2023-cü ildə “Yaradıcı Azərbaycan” təşəbbüsü ilə yaradılıb və qısa müddətdə beynəlxalq səviyyədə tanınıb. 2025-ci ildə platforma “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftəsi – 2025” çərçivəsində təqdimatla daha geniş auditoriyaya çıxış edib.

Mədəniyyət Nazirliyi və İƏT-in birgə təşkilatçılığı ilə 5–11 dekabr tarixlərində keçirilən festival çərçivəsində reallaşan performans rəqəmsal incəsənətin və musiqinin vəhdətini nümayiş etdirərək, gənc yaradıcılar üçün yeni ifadə imkanları təqdim edib və “Bakı Yaradıcı Həftəsi – 2025”in yadda qalan anlarından birinə çevrilib.