Azərbaycan.media xəbər verir ki, Moskvada avtomobil partlayışı nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi, general-leytenant Fanil Sarvarov həlak olub.
Hadisə 22 dekabr səhər saatlarında Yasenevaya küçəsində baş verib. Partlayıcı qurğu avtomobilin altına yerləşdirilmişdi və nəticədə Sarvarov aldığı xəsarətlərdən ölüb. Sürücü oturacağının altına qoyulmuş əldəqayırma partlayıcı qurğu səbəbindən partlayış zamanı avtomobildə ciddi ziyan dəyib.
İlkin məlumatlara görə, hadisə zamanı Sarvarov çoxsaylı qəlpə yaraları və sınıq xəsarətləri almış, ağır vəziyyətdə xəstəxanaya çatdırılmışdı. Partlayış zamanı yaxınlıqda olan yeddi avtomobilə də ziyan dəyib.
Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb və araşdırma aparır. Komitə hadisənin səbəbləri ilə bağlı müxtəlif versiyaları nəzərdən keçirir, onlardan biri cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsidir.
Rəsmi qurumlar hələ hadisənin dəqiq motivlərini açıqlamayıb.
