🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Parlamentdə amnistiya elan edilməsi layihəsinin müzakirəsi başlayıb

Azərbaycan.media xəbər verir ki, Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsinin müzakirəsi başlayıb.

Plenar iclasda vurğulanıb ki, Azərbaycan suverenliyinin bərpası və Konstitusiyanın ölkənin bütün ərazilərində bərqərar olunması xalqımızın ən böyük tarixi qələbəsidir. Humanizm və mərhəmət prinsiplərinə sadiq qalaraq, Prezident İlham Əliyev cəzadan azad etmə təşəbbüsünü irəli sürüb. Bu addımın tərbiyəvi əhəmiyyətinə inam, cəzadan azad olunacaq şəxslərin qanunlara riayət edəcəkləri və dövlətin inkişafına töhfə verəcəkləri gözləntisi əsas gətirilib.

Amnistiya aktına əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər, qadınlar, 60 yaşdan yuxarı şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər kateqoriyalardakı şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad ediləcəklər.

Sənədə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər törətmiş, eləcə də ehtiyatsızlıqdan cinayət etmiş şəxslərin cəzaları ya tamamilə ləğv ediləcək, ya da qalan hissəsi azaldılacaq.

Proqnozlara görə, amnistiya aktı 20 mindən çox şəxsə şamil olunacaq. Onlardan 5 mindən çox məhkum azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, 3 mindən artıq şəxsin cəzası azaldılacaq, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxs isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti cəzalardan azad ediləcək. Eyni zamanda, mindən çox şəxs cinayət məsuliyyətindən azad olunacaq.