Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolunun 318-ci kilometrliyində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olub. Teleqraf-ın FHN-in Mətbuat xidmətinə istinadən məlumatına görə, hadisə yerinə dərhal Aran Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, “FORD” və “KAMAZ” markalı yük avtomobilləri toqquşub. Nəticədə “FORD” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Cəfərov Arzu Qərib oğlu, deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
