Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin layiqli şərtlərlə sülhə ehtiyacı olduğunu və Kiyevin mümkün qədər konstruktiv işləməyə hazır olduğunu bildirib.
O, Teleqram kanalında yazıb ki, Rusiyanın enerji sektoruna endirdiyi zərbələrdən sonra bütün müvafiq xidmətlər bölgələrdə elektrik enerjisi, istilik və su təchizatının bərpası üçün fasiləsiz çalışır. Prezidentin sözlərinə görə, vəziyyət hələ də ağır olaraq qalır:
“Hazırda Nikolayev, Odessa, Xerson, Çerniqov, Donetsk, Sum və Dnepr vilayətlərində yüz minlərlə ailə elektriksiz qalıb. Xəsarət alanlar var”.
Zelenski qeyd edib ki, Rusiya müharibəni uzadır və Ukrayna xalqına maksimum zərər vurmağa çalışır. Onun sözlərinə görə, təkcə son bir həftə ərzində Rusiya Ukrayna ərazisinə 1500-dən çox zərbə dronu, təxminən 900 idarə olunan hava bombası və 46 müxtəlif tipli raket buraxıb.
Prezident vurğulayıb ki, qarşıdakı günlər diplomatik baxımdan olduqca vacib olacaq:
“Bu günlər diplomatiya ilə dolu olacaq və bunun real nəticə verməsi çox önəmlidir. Tərəfdaşlarımızın dəstəyinə güvənirəm. Kömək edən hər kəsə təşəkkür edirəm”.
