Azərbaycan.media xəbər verir ki, Lerik rayonunda baş verən yol qəzası nəticəsində bir nəfər ölüb.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Bakıdan bacısının yas mərasimindən qayıdan Lerik sakini Akif Ağacanov “Vaz 2121” markalı avtomobili idarə edərkən yolda qalan həmkəndlilərinə kömək etmək üçün dayanıb. Qısa müddət sonra avtomobilin üzünü yoxuşa saxlayaraq geriyə hərəkət etməsi səbəbindən dağlıq ərazidə yoldan çıxaraq dərəyə yuvarlanıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin – sürücünün digər bacısı – aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
İdarə qeyd edib ki, ilk baxışdan təsadüfi görünən qəza, əslində, avtomobilin dayandırılması zamanı təhlükəsizlik tədbirlərinin görülüb-görülməməsi, mühərrikin söndürülməsi, duracaq tormoz sisteminin qoşulması və avtomobilin texniki vəziyyəti ilə bağlı suallar doğurur.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yaşanmış faciədən düzgün nəticə çıxarmağa və təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.
