Azərbaycan.media xəbər verir ki, bu gün “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində meydana çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Tofiq Bəhramov adına Respublika Stadionunda Niderlandın dördqat Çempionlar Liqası qalibi “Ayaks”ını qəbul edib.
Tur öncəsi turnir cədvəlində “Qarabağ” 7 xalla 19-cu, hələ də xalı olmayan “Ayaks” isə 36-cı pillədə qərarlaşmışdı.
Ağdam təmsilçisi oyuna yaxşı başlasa da, qarşılaşmanı üstünlükdə saxlaya bilməyib. Matçın 10-cu dəqiqəsində Kamilo Duran hesabı açaraq “Qarabağ”ı önə keçirib (1:0). 39-cu dəqiqədə Kasper Dolberq tarazlığı bərpa edib (1:1).
İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə Mateus Silva komandamızı yenidən önə çıxarıb (2:1). Lakin matçın sonlarına doğru qonaqlar təşəbbüsü ələ alıblar. 79-cu dəqiqədə Oskar Qlux hesabı yenidən bərabərləşdirib (2:2), 83-cü dəqiqədə Anton Qoey “Ayaks”ı önə keçirib (2:3). 89-cu dəqiqədə isə Oskar Qluxun ikinci qolundan sonra Amsterdam klubu qələbəsini rəsmiləşdirib (2:4).
Qarşılaşmanı sloveniya hakimlər briqadası – baş hakim Rade Obrenoviç, köməkçilər Yuri Praprotnik və Qreqa Kordez, dördüncü hakim Mateo Tozan idarə edib. VAR otağında Matej Juq, AVAR-da isə Alen Borosak çalışıb.
Xatırladaq ki, yeni formatda keçirilən Çempionlar Liqasının Liqa mərhələsində ilk 8 komanda birbaşa 1/8 finala, 9–24-cü yerlər pley-offa, 25–36-cı yerlər isə avrokuboklarla vidalaşır.
