Azərbaycan.media xəbər verir ki, artıq bir neçə gündür ölkə üzrə davam edən yağıntılı hava şəraiti paytaxtın gündəlik həyatını iflic edib. Bu gün Bakıda müşahidə olunan güclü leysan yağışları nəticəsində yolları su basıb, bir çox qəsəbələrdə nəqliyyatın hərəkəti xeyli çətinləşib. Sakinlər evlərindən çıxmağın belə problemə çevrildiyini bildirirlər.
Xüsusilə Türkan qəsəbəsində vəziyyət daha acınacaqlıdır. Qısa müddətdə yağan intensiv yağış qəsəbənin böyük hissəsini su altında qoyub. Gölməçələrin qəfil yaranması nəticəsində azyaşlı bir uşaq yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Sakinlər hər il eyni mənzərənin təkrarlanmasından ciddi narazılıq edirlər. Onların sözlərinə görə, yağış yağdığı anda qəsəbə keçilməz hala düşür, yollar sular altında qalır, evlərə dolan yağış suları isə ciddi ziyan törədir. (Mənbə: Müsavat)
