BDU-da 1 saylı tədris korpusu əsaslı təmirə hazırlanır

Azərbaycan.media xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) 1 saylı tədris korpusunda müasir standartlara uyğun əsaslı təmir planlaşdırılır.

BDU-dan verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq sənədləşmə işləri aparılır və proses bitmək üzrədir.

Təmir zamanı binanın zirzəmisindən damına qədər bütün mərtəbələr, auditoriyalar, inzibati otaqlar, laboratoriyalar, sanitar qovşaqlar və liftlər yenilənəcək. Elmi-tədqiqat laboratoriyaları yeni cihaz və avadanlıqlarla təchiz olunacaq, kitab fondları və oxu zalları yenilənəcək, professor-müəllim heyəti üçün yaradıcılıq və müzakirə otaqları yaradılacaq. Həmçinin bütün kommunikasiya xətləri və yanğınsöndürmə sistemi yenilənəcək, auditoriyalar müasir elektron avadanlıqlar, kondisioner və mebellərlə təchiz olunacaq. Binanın həyətyanı sahəsi və ümumi girişi də abadlaşdırılacaq.

Məlumatda qeyd olunub ki, bu tədbirlər Universitetin inkişaf strategiyasının bir hissəsidir. Tədris prosesi fasiləsiz davam edəcək və tələbələr müasir şəraitdə dərslərinə davam edə biləcəklər.