Fidan Türkiyə-İran əməkdaşlığının genişləndirilməsini və regional məsələləri müzakirə edib

Azərbaycan.media xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Fidan İranlı həmkarı ilə görüşündə sərhəd-keçid proseslərinin səmərəliliyinin artırılması və qeyri-qanuni miqrasiyaya qarşı birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Fidan bildirib ki, hər il milyonlarla insan İran və Türkiyə arasında səyahət edir və bu prosesi daha sistemli şəkildə idarə etmək üçün konkret layihələr həyata keçirilməlidir:
“Sərhəd keçid məntəqələrinin sayını artırmalıyıq və onları daha effektiv etməliyik. Həmçinin, xüsusən Əfqanıstandan gələn qeyri-qanuni miqrasiyaya qarşı necə mübarizə aparacağımız və Əfqanıstan hökuməti ilə birgə iş imkanlarını diqqət mərkəzində saxladıq”, – deyə o qeyd edib.

Nazir həmçinin iranlı həmkarı ilə Fələstin və Qəzza, Suriya, Livan, nüvə danışıqları, eləcə də Əfqanıstan və Pakistan arasındakı gərginlik kimi regional məsələləri müzakirə etdiyini bildirib.

Fidan səfər çərçivəsində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi və dini lider Xameneyinin müşaviri Əli Laricani ilə də görüşüb. Laricani bu barədə “X” sosial şəbəkəsində türk dilində paylaşım edərək yazıb:
“Öz evinizə xoş gəlmisiniz. Türkiyə və İran arasında əməkdaşlığın artmasını ümid edirəm”.