Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı, Azərbaycana deport ediləcək

Azərbaycan.media xəbər verir ki, Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb.

525.az-ın Lent.az-a istinadən məlumatına görə, Gültəkin Hacıbəyli İstanbulun Arnavutköy deportasiya mərkəzinə gətirilib. Sənədləşmə prosesinin tamamlanmasından sonra onun Azərbaycana deport edilməsinin gözlənildiyi bildirilib.

Qeyd edək ki, dünən AXCP sədri Əli Kərimlinin və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evlərində axtarış aparılıb və onlar ifadə vermək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıblar.

Məlumatlara görə, bu proses Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin DTX-da istintaqı davam edən cinayət işi ilə əlaqələndirilir.

Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri üzrə ittiham olunur.