Azərbaycan.media xəbər verir ki, Qara dənizdə Qambiya bayraqlı “KAIROS” və “VİRAT” ticarət tankerlərinə edilən hücumların Ukrayna tərəfindən həyata keçirildiyi bildirilir. APA-nın məlumatına görə, bu barədə CNN Türk xəbər yayıb.
Hücuma silahlı pilotsuz dəniz vasitələri (SİDA) vasitəsilə həyata keçirilib və mütəxəssislər bunun müasir müharibənin yeni mərhələsini göstərdiyini vurğulayır. Hücumun əsas hədəfinin Rusiyanın “Həyalət donanması” olduğu qeyd edilir.
Ukrayna Təhlükəsizlik Xidməti əməliyyatla bağlı görüntüləri paylaşaraq, yeni hazırlanmış “Sea Baby” adlı SİDA silahlarının istifadə olunduğunu açıqlayıb.
Eyni zamanda, Türkiyə Xarici İşlər Nazirliyi noyabrın 28-də baş vermiş bu hadisələrlə bağlı narahatlığını ifadə edib. APA-nın Türkiyə bürosunun məlumatına görə, XİN-in paylaşımında qeyd olunur:
“Biz dünən Qara dənizdə Qambiya bayraqlı “KAIROS” və “VİRAT” ticarət tankerlərinə edilən hücumlardan narahatıq. Qara dənizdəki Eksklüziv İqtisadi Zonamızda baş vermiş bu hadisələr gəmiçilik, həyat, əmlak və ətraf mühitin təhlükəsizliyi üçün ciddi risklər yaradır. Qara dənizdə müharibənin yayılmasının və daha da genişlənməsinin qarşısını almaq, ölkəmizin iqtisadi maraqlarına və regiondakı fəaliyyətlərinə mənfi təsirlərin qarşısını almaq üçün müvafiq tərəflərlə əlaqə saxlamağa davam edirik.”
Hadisə regionda gərginliyin artdığı bir dövrdə baş verib və Qara dənizdə təhlükəsizliyin təmin olunması məsələsini yenidən aktuallaşdırıb.
