FT: Ukrayna Donbasla bağlı ağır seçim qarşısındadır

Azərbaycan.media xəbər verir ki, Ukrayna hazırda son dərəcə çətin bir seçimlə üz-üzədir. Rusiya Donetsk vilayətində Kiyevin nəzarətində qalan bütün ərazilərin – o cümlədən strateji əhəmiyyətə malik Slovyansk və Kramatorsk şəhərlərinin – tam boşaldılmasını tələb edir. Moskva illərdir ələ keçirə bilmədiyi bu şəhərlərin indi tam şəkildə tərk edilməsini istəyir.

“Faynənşl Tayms” yazır ki, Kiyev faktiki olaraq kapitulyasiya anlamına gələn bu tələbi gözlənildiyi kimi qəbul etmir. Lakin döyüşlərin davam etdirilməsi də ciddi risklər yaradır: cəbhədə vəziyyət ağırlaşır, şəxsi heyət çatışmazlığı və texnika itkisi artır, Rusiya isə hücum əməliyyatlarının miqyasını genişləndirir. Nəşrin məlumatına görə, əgər mövcud vəziyyət dəyişməsə, Moskva 2026-cı ilə qədər bütün Donbasa nəzarəti ələ keçirə bilər.

FT-nin müəllifləri qeyd edir ki, Ukrayna “məntiq tələsi”ndədir – hansı qərar seçilsə, ağır nəticələr qaçılmaz görünür: ya “qüsurlu sülh”lə barışmaq, ya da daha böyük eskalasiya riskini qəbul etmək. Siyasi analitik Den Reyter bildirir ki, müharibənin başa çatması üçün tərəflər arasında etimad və hərbi balans tələb olunur. Hazırkı münaqişədə isə əsas problem öhdəliklərə təminatın olmamasıdır – nə ABŞ, nə də Avropa Kiyevə uzunmüddətli təhlükəsizlik zəmanəti verə bilir.

Məqalədə vurğulanır ki, təklif olunan “sülh planı”ndakı qeyri-müəyyən məcburetmə mexanizmləri də etimad boşluğunu aradan qaldırmır. Aydın təminatlar olmadığı halda Ukrayna ərazi itkiləri ilə üzləşə, Rusiya isə münasib şərait yarandıqda hücumu yenidən bərpa edə bilər.

Bununla belə, jurnalistlər qeyd edir ki, Ukrayna cəbhəsi tam çökmə həddində deyil – ordu döyüş qabiliyyətini qoruyur və Rusiyanın Slovyanskla Kramatorsku 2026-cı ildə asanlıqla nəzarət əldə etməsi mümkün görünmür. Lakin ümumi dinamika Kiyevin xeyrinə deyil – Moskvanın daha geniş resursları onun danışıqlardakı mövqelərini gücləndirir.

FT xəbərdarlıq edir ki, ərazi itkisi və suveren müdafiənin məhdudlaşdırılmasına əsaslanan sülh planının qəbul edilməsi Ukraynada siyasi və hərbi rəhbərlik arasında etimad böhranı yarada bilər. Təklifdən imtina isə daha çox tükənmə və ağır itkilərlə nəticələnə bilər. Beləliklə, Ukraynanın qarşısındakı əsas sual budur: “İndi pis, yoxsa gələcəkdə daha pis?”