Azərbaycan.media xəbər verir ki, dekabrın 8-12-də Azərbaycanda quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq həyata keçiriləcək. Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Monitorinq çərçivəsində risk zonaları müəyyən edilərək ovçuluq təsərrüfatları, milli parklar, su-bataqlıq və dənizsahili ərazilər, habelə vəhşi quşların yaşayış yerləri nəzərdən keçiriləcək. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq, müxtəlif sənaye və ailə quşçuluq təsərrüfatlarından diaqnostik nümunələr götürüləcək. Eyni zamanda, ölkə üzrə müəssisələr, təsərrüfatlar, su hövzələri və parklar ümumi baxışdan keçiriləcək, məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri aparılacaq və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər zamanı əldə olunan məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək.
Tədbirdə Qida Təhlükəsizliyi Agentliyi, Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi, yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak edəcək.
Götürülmüş nümunələr isə Tədbir müddətində Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunacaq.
