Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna Prezidenti Vladimir Zelenski ilə İstanbulda planlaşdırılan görüşünü ləğv edib. “Axios”un məlumatına görə, buna səbəb Kiyevin Vaşinqtonun təqdim etdiyi sülh planını müzakirə etməyə hazır olduğunu göstərməməsidir.
Məlumata əsasən, ABŞ tərəfi belə hesab edib ki, Ukrayna nümayəndələri əvvəlcədən ifadə etdikləri iştirak niyyətindən faktiki olaraq geri çəkilib. Yaranan anlaşılmazlığın isə tərəflərin sənədi fərqli qiymətləndirməsindən qaynaqlandığı bildirilir.
Kiyevdə Uitkoffun təklifi qaralama və ilkin layihə kimi qəbul edildiyi halda, Vaşinqton bu sənədə artıq formalaşmış, rəsmi razılaşma planı kimi yanaşır.
Hadisə iki paytaxtın sülh təşəbbüsünə münasibətindəki fikir ayrılıqlarını bir daha ortaya qoyub.
