🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mehdiabadda yaşayış binasında yanğın: 5 nəfər təxliyə olundu, 3 nəfərə yerində tibbi yardım göstərildi

Mehdiabadda yaşayış binasında yanğın: 5 nəfər təxliyə olundu, 3 nəfərə yerində tibbi yardım göstərildi

Azərbaycan.media xəbər verir ki, bu gün saat 18:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən yaşayış binasında baş verən yanğınla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. TƏBİB-in APA-nın sorğusuna cavab olaraq verdiyi məlumata görə, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

Bildirilib ki, yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım alıb.


21:10 — FHN-dən açıqlama

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri Binəqədi rayonu, Mehdiabad qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat Xidmətinin verdiyi xəbərə görə, məlumat əsasında əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının yeddimərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib. FHN-in operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.

Yanğın zamanı ümumi sahəsi 61 kv.m olan ikiotaqlı mənzilin bir otağındakı ev əşyaları 10 kv.m ərazidə yanıb. Mənzilin digər hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən 1-i azyaşlı olmaqla 5 nəfər bina sakini təxliyə edilib.