Azərbaycan.media xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Azərbaycan və Ermənistan arasında yekun sülhün əldə olunmasının iki xalq arasında qarşılıqlı etimad mühitinin yaradılmasından asılı olduğunu bildirib. O, Tavuş vilayətinin Kirants kəndində jurnalistlərin suallarını cavablandırarkən sülh prosesinin dönməzliyi üçün ən vacib amilin məhz etimadın bərpası olduğunu vurğulayıb.
Xaçaturyan qeyd edib ki, siyasi liderlər bu məqsədə çatmaq üçün hüquqi baza və siyasi prosesi təmin etməlidirlər. Onun sözlərinə görə, hər iki ölkə qarşılıqlı olaraq ərazi bütövlüyünü və suverenliyi tanıyıb, bu isə ikitərəfli hüquqi prosesin artıq formalaşdığını göstərir. Sülh prosesinin tamamlanmasının isə hər iki tərəfdə mövcud çətinliklərin aradan qaldırılmasından asılı olduğunu əlavə edib.
“Bu prosesin nə vaxt yekunlaşacağını demək çətindir. Təbii ki, bunun tez baş verməsini istəyirik. Lakin hökumətlər əlverişli şərait yaratmaqdan çəkinməməlidir və narazı insanların olmasından qorxmamalıdır”, — Ermənistan Prezidenti bildirib.
Xaçaturyan həmçinin qeyd edib ki, iqlim dəyişiklikləri, texnoloji inkişaf və süni intellekt kimi qlobal çağırışların həlli bütün ölkələrin birgə fəaliyyətini tələb edir. Onun sözlərinə görə, bu prosesdə qonşu dövlətlərlə əməkdaşlıq daha səmərəli olmalıdır.
Ermənistan Prezidenti noyabrın 19–20-də Gürcüstana rəsmi səfər edib, Tbilisidə ölkə rəhbərliyi ilə görüşlər keçirib. Səfərdən qayıdarkən isə Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndində işlərin gedişi ilə tanış olub və sakinlərlə görüşüb.
