Günel Natiqin hekayəsi – “YAZARIN İNTİHARI”

 

 

 

(satirik hekayə)

 

Qəribə şəhər idi. Hamı ac-yalavac oturub xəbər gözləyirdi. Bu adamların yeməyi nə ət, nə başqa bir şey idi. Onlar xəbər yeyirdilər. Ac adam bir qarın çörəyi necə arzulayar? Bu adamlar da bir “qarın” xəbəri elə arzulayırdılar. Təzə məlumat eşidən kimi ac qurdlar təki üstünə düşürdülər. Xəbəri isti-isti yeyir, bəzən də xəmir kimi yoğurub öz bildikləri kimi “bişirirdilər”. Biri istiotunu çox edirdi, biri şirin bişirirdi, biri süd qatır, süd tapmayan qaymaq vururdu. Qısası, hərənin öz zövqü, üslubu, niyyəti vardı.

Xəbər olmasa, yaşayış da yox idi. Hərə bir yerdə yatıb qalırdı. Biri elə yol getdiyi yerdə yatırdı. Biri oturduğu yerdə. Biri elə yatdığı yerdə yatırdı. Bu şəhərin adamları oyaq qalmağı sevmirdilər. Oyaq olan da özünü yuxuluğa vururdu. Ancaq xəbər ehtiyacı onları oyada bilirdi. Mürgülü halda gözlərini açıb baxırdılar ki, xəbər gəlib, yoxsa yox. O da vizual ayıqlıq olurdu.

Xəbərsiz qalanda elə utanırdılar, elə bil başsız qalıblar. Bir- birinin gözünə baxa bilmirdiər. Xəbər olanda isə kefləri düzəlirdi, utanmaqları keçirdi, qarınları doyurdu.

Ən çox intihar xəbərlərinə oyanırdı bu şəhər. İntihar olan kimi dik atılıb işə başlayırdılar.

Xəbər olmayanda sanki tarlalara yağış yağmırdı, quraqlıq düşürdü. Özlərinə təsəlli verirdilər ki, olacaq, olmalıdır… Axı filankəs dedi ki…

O biri başını qaldırıb ümidlə:

-Hə? Nə dedi?

-Dedi ki, olacaq…

-Hə, görək də…

Elə bu vaxt xəbər yayıldı ki, Tərs Söyün təxəllüslü şair intihar etməyə gedir. Deyirdilər, özü də bunu qabaqcadan təmtəraqlı şəkildə elan edib. Camaat əl-ayağa düşüb yalvarıb ki, əl bizim, ətək sənin. Şair bunların əlindən elə sıyrılıb çıxıb ki, ətəyi camaatın əlində qalıb.

Hərə yüz dənə “yaşamaq səbəbi” uydurub, amma heç biri şairin beyninə batmayıb. Fikirləşib ki, burda vaxt itirməkdənsə, elə özünü ölümün ağuşuna atsa yaxşıdır. Onsuz da dünya fanidir, nə qədər tez getsən, o dünyada bir o qədər tez yurd-yuva sahibi olarsan… Bu axırıncını camaat ehtimal edib.

Şair gedəndən sonra çoxdan görünməyən canlanma müşahidə olunub.

Biri ah çəkib, ahından yer-göy titrəyib.

Biri bayatı deyib, biri huşunu itirib.

Bir başqası “xalqdan getdi” deyə dəli bir hönkürtü çəkib.

Dördüncüsü şairin xatirəsinə kitab bağlamağı təklif edib, redaktorluğunu da öz üzərinə götürüb. Beşincisi deyib: – Yaxşı kişiydi, bu kişiyə rəhmət düşür.

-Allah rəhmət eləsin, – bir neçə səs birdən tüfəng kimi açılıb.

“Rəhmət” sözünü eşidən Huşsuz Haşım qayıdıb ki:

-Uje?

Hacıqulu dodağının altında çox güman ki, dua oxuduqdan sonra deyib:

-Hər halda indiyə kimi xəbəri çıxmış olar.

***

Tərs Söyünün intiharını müzakirə edən yazı-pozu adamları cavanlı-qocalı çayxanaya yığışmışdılar. Simalarındakı hüzn onları nəcib və dalğın göstərirdi. Bu obraz hamısının ürəyincə idi.

-Bu intiharda mənim də günahım var,- Qayib Qızılbarmaq aram-aram dilləndi.- gərək rəhmətliyin dərd-sərindən vaxtında xəbər tutardım.

“Dərd-səri qurtarırdı ki, yetimin”,- donosçu Əbləh ürəyində dedi.

-Mənim də günahım var,- Huşsuz Haşım dilləndi. – problemləri vardı. Mənə də eşitdirmişdi vaxtilə… Mən də demişdim ki…

-Hamımızın günahı var, hamımızın!- pafosla çıxış etməyi sevən Dəli Cümşüd dedi.

-Mənim də günahım var?- atasının yanında oturan uşaq soruşdu.

Hamı güldü. Amma elə güldülər ki, nəcib, xəfif hüzn üzlərindən çəkilməsin.

-Heyf uşaqdan,- ağsaqqal qəzetçi mərhum haqqında xatirələrə qayıtdı.- mərifətli, qanacaqlı..

-Qurban olum Allaha, – Hikmətqulu Mənalı mənalı-mənalı dedi.- niyə elə yaxşıları aparır?

-Ah!- donosçu dala qaldığını görüb dərindən bir ah çəkdi, elə bu dəmdə bir nəfər dəli kimi özünü çayxanaya atdı:

-A kişilər, bəs deyirdiz, Tərs Söyün özünü körpüdən atıb?

-Mərhum tərsin biri idi, heç bizə qulaq asdı ki?- ağsaqqal qəzetçi dilləndi.

-Ee onu demirəm e… İndi körpüdən gəlirəm, orda cəsəd-zad yoxdu axı!

-Ə indiyə cəsəd qalar? Çoxdan morqa aparıblar, – Dəli Cümşüd dedi.

-Əşi, orda iki polis vardı, dedilər, özünü atan olsaydı, biz yüz faiz görərdik.

-Yüz yox, iki yüz əlli faiz görərdilər!-çay içənlərdən biri təsdiq etdi.

-Yəni deyirsiz…-donosçu şübhəli-şübhəli soruşdu.- vaz keçib?

Hamı bir anlıq susdu. Ağsaqqal qəzetçi ağır kişilərə məxsus havasıyla:

-Əşi yox, elə oğlan döyüldü o. Dediyini eliyəndü.

Hikmətqulu Mənalı mənalı-mənalı başını buladı. Yəni, ağlım kəsmir.

Telefonun səsi sükutu pozdu. Köstəbək baş redaktor “heç yeridi” ədasıyla telefonu qulağına tutdu:

-Nədi ay arvad? Nə bilim, hüzrə gedəndə nə geyinəssən? Kimin hüzrünə gedirsən? Tərs Söyünün? Ay arvad, ortada meyit-filan yoxdu, qoy görək hələ, kimin hüzrünə gedirsən? Açıl başımdan görüm. Əh!

Baş redaktor hirslə telefonu stolun üstünə atdı.

Çayxanadakılar elə bil quraqlığın depressiya gətirən havasını hiss etdilər, ətləri ürpəşdi. Elə nəsə deməyə hazırlaşırdılar ki, qapı açıldı, Tərs Söyün içəri girdi. Yaxşıca qaralmışdı. Hiss olunurdu ki, dəniz havası alıb.

-Ay salaməleykum,- deyib stul çəkib oturdu. Ona dikilən baxışları hiss etmədən üzünü çayçıya tutdu, -ay uşaq, mənə bir çay gətir, xoruzquyruğu olsun ha.

-Ə yekə kişisən, – ağsaqqal qəzetçi handan-hana dilləndi,- demirsən, bu qədər adamı işindən-gücündən avara eləmisən? Balam, biz də intihar görmüşük də. Bunun bir qaydası var, ədəb-ərkanı var. Nə ağsaqqal tanıyursuz, nə qarasaqqal. İntihar ciddi işdi, bala. Nə qədər ki, su dizinə çıxıb, “lənət kor şeytana” deyirsən. Belivə ki, çıxdı, hə, iş bir az çətinləşir. Elə ki, boğazıva çıxır, ta yolun yoxdu, bala, gərək canıvı qurtarasan.

Ağsaqqal ara verib Tərs Söyünə baxdı. Tərs Söyün hörmət əlaməti olaraq başını tərpədirdi, amma gözü divara vurulmuş televizorda qalmışdı.

-Heç utanırsan?-ağsaqqal qəzetçi bu sözü lap bərkdən dedi. Hamı o dəqiqə başa düşdü ki, Tərs Söyün nəyə görə utanmalıdır.

Televizorda Tərs Söyünü göstərirdilər. Diktor kadr arxasından zabitəli səslə oxuyurdu:

-Körpüyə intihar etməyə gedən Tərs Söyün ləqəbli şair tıxac səbəbindən mənzil başına çata bilməyib. Ona görə istiqamətini dəyişib Şıxov çimərliyinə gedib. Şair yaşamla ölüm arasında çox çətin anlar yaşadığını bildirib. İntihar fikrindən daşınan şair bu haqda geniş həcmli poema yazacağına söz verib.

Çayxanadakılar gözlərini televizordan çəkib Tərs Söyünün üzünə dikdilər. O, heç nə olmamış kimi çayını qurtumlayırdı. Deyəsən, dənizdə yanıb-qaralan şair bərk susamışdı. Bəlkə də poemasının ilk sətirlərini düşünürdü.

Birinci ağsaqqal qəzetçi durdu. Sonra köstəbək baş redaktor, onun ardınca donosçu Əbləh, onun ardınca Xalxal Xallı və qeyriləri qeyzlə yerlərindən qalxıb qapını çırpıb getdilər. Bu kütləvi gediş çayın üstündən ləzzətlə siqaret tüstülədən Tərs Söyünün heç vecinə də olmadı.

***

Köstəbək baş redaktor evdə arvadına məhəl qoymadan sabah qəzetə nə xəbər yazacağını fikirləşirdi:

-Azz, hər şey bir tərəfə, mənim gül kimi başlığım əldən getdi e! Gör nə yazmışdım – yazacaqdım yəni: “Körpüdən qanadsız uçan şair!” Təxəyyülə bax e! Hamısı əldən getdi!

***

Donosçu Əbləh yazı otağının zəif işıqlandırılmış guşəsində oturub qaranlığa baxırdı. Bu vəziyyətdə bərəlmiş gözlərilə xarabalığı seyr edən bayquşu xatırladırdı. Sonra qərarlı şəkildə qələmi əlinə aldı:

-Ac adamlara nə versən, həzm-rabedən keçirəcək. Nə yazsam, ac mədələrini dolduracam. Bu da mənim xidmətim olsun.- Bir anlıq əl saxlayıb xırıltılı səslə güldü.- İnsanlıq məni unutmayacaq.

***

Tərs Söyünün öldüyünü sanan Alkaş Yetim əməlli-başlı ağı deyib, yas tutur, ağacı qucaqlayıb ağlayırdı:

-Söyün, ay Söyün, məni paxmel-paxmel qoyub hara getdin? İndi mən sənin yerinə bu ağacı qucaqlayıb ağlayım, hə? Heç olmasa, yüz-yüz zakaz verib gedərdin. Axı biz uşaqlıq dostu olmuşuq… Söyün, ay Söyün…

Alkaş ağacın yanında tirtap yerə sərilib yatdığı vaxt şəhər yuxuya qərq olmuşdu. Hələ ki, deyiləcək söz qalmamışdı.

Səhərki qəzetlərdə körpüdən reportaj çap olunmuşdu. Tərs Söyünün intihara təhrik olunduğuna diqqət çəkən müəllif bütün ədəbi cameənin bu təxribatda əli olduğuna oxucuları inandırmaq istəyirdi. Ona görə bu adamların fəaliyyətinin məhdudlaşdırılmasının ümumi işin xeyrinə olacağı vurğulanırdı.

Köstəbək baş redaktor və dəstəsi məqalənin müzakirəsindən bir şey çıxmayacağını görüb boğazlarını yaşlamağa getdilər. Baş redaktorun içindən qara qanlar axarkən, Alkaş Yetim kafenin yanındakı ağacı qucaqlayıb hönkür-hönkür ağlayırdı.

-Bu Yetimə elə bu ağac qalacaq,- köstəbək əlini yelləyib kafeyə girdi. Donosçu Əbləh və qeyriləri də əllərini yelləyib baş redaktorun ardınca getdilər.

Küçələri gözləri böyüyüb hədəqədən çıxmış insanlar basmışdı. Hamı nə isə gəzirdi, axtarırdı, amma bu “nəsə”nin nədən ibarət olduğunu heç kim bilmirdi. Əslində, təxminən bilirdilər-çörək lazımdı. Amma artıq bu ikinci plana keçmişdi. İndi camaatı çörək də qurtarmazdı. Çörək ağ günlər üçün idi. Adamlar isə günlərin rəngini çoxdan unutmuşdular- ağı, mavini, narıncını, çəhrayını… Artıq göy qurşağını görənlər olmurdu. Nə illah edirdilərsə, görə bilmirdilər. İndi insanları başqa şeylər ruhən dincəldə bilərdi…

***

Günün günorta çağı gənc yazıçı Kamil Kəllənin xəbəri yayıldı. Dedilər, o da intihar edir. Özü də bazarda, adamların içində.

Söhbət gəzirdi ki, bazara ət almağa gələn gənc yazıçı hər şeyin od qiymətinə olduğunu görüb özünü oda atıb. İndi onu bu oddan heç kim qurtara bilməz. Çünki bütün damarlarını kəsib və çətin ki, həkimlər onu xilas edə bilsin.

Televiziyalar kameralarını götürüb bazara axışdılar. Doğrudan da dəhşətli görüntü idi. Gənc yazıçı qollarını qaldırmışdı, qan üzüaşağı qəribə bir tələskənliklə süzülürdü. Elə bil o da gənc yazıçının yoxsul varlığını tərk etməyə can atırdı.

Kamil Kəllənin üzündən ağrı yox, həzz yağırdı. Elə bil ağrı onu yox, o ağrını yeyəcəkdi və bunun gözləntisinin eyforiyasına qapılmışdı. Damarlarında qan azaldıqca üzü saralmaq yerinə, sanki daha çox qanla dolurdu.

Son vaxtlarda gənc yazıçının elə bir sensasiyalı yazısı çap olunmamışdı. Belə bir ölüm onun möhtəşəm yaradıcılıq nümunəsi ola bilərdi. Bəlkə də bununla yadda qalmaq istəyirdi.

“Görürsüz, necə ölürəm? Ya da ölə bilərəm?” – deməkdir bu. Bu yazıçı elə həmişə özünəvurğun olub”,- donosçu Əbləh yavaşca dedi. -yəqin ki, ölümünü də gözə soxub, “necə gözəl ölürəm” – demək istəyir.

Paxıl İbiş dodaqlarını marçıldatdı. Yəqin ki, o heç vaxt belə gözəl ölə bilməyəcək. Hardadı onda bu təxəyyül? “Camaatın fantaziyasına bax e”, – İbiş düşündü.

-Həyatını ədəbiyyata qurban verdi, amma yolun sonunda gündəmə gəldi, -mərasimi izləyən həmkarlarından biri gözünün yaşını sildi.

-Ay camaat, kənara çəkilin, mane olursunuz, kameralar çəkə bilmir,- televiziyanın rejissoru qışqırdı.

-Axırıncı dəfə kino çəkəndə belə qələbəlik vardı,- operator alnının tərini silib kütləyə şövqlə baxdı.

-17 xəbərlərinə çatdıra bilməsək, heç olmasa, 18-də verək,- rejissor fikirli-fikirli dedi.

-Niyə çatdıra bilmərik, qağa?- gənc assisent maraqlandı.

-Görmürsən ki, işi uzadır? Belə intihar olar? Ay balam, öl də, qurtar, işimizi bilək. Pah atonnan. Buna nə var ki. Canını qurtarıb gedir. Dərd bizim dərdimizdi e. Bu xəbəri ilk yetişdirən biz olmasaq, yenə reytinqdə dala düşəcəyik.

“Qoymayın, gənc yazar intihar edir, lütfən, bu qanlı olayı durdurun,- jurnalist Fatma Qaraca radiodan hayqırdı.

-Biabırçılıqdır! İnsanlar meydanlarda özünü kəsib-doğrayır, biz isə yırğalana-yırğalana yol gedirik, – xəbəri avtobusda eşidənlərdən biri öz-özünə deyindi.

-Ay sərnişin, neyləyim, avtobusa qanad taxım?-sürücü əsəbiləşdi,- həm də bizim marşrut ora getmir.

Kişi üz-gözünü büzüşdürdü, amma heç nə deməyib üzünü pəncərəyə tutdu.

***

Meydanda qələbəlik artırdı. Camaat o qədər yığılmışdı ki, Kamil Kəllə arada itib-batmışdı.

Gənc yazıçı yoxa çıxmışdı.

-Bəlkə morqa aparıblar,- Huşsuz Haşım dilləndi.

-Necə də gözəl ölürdü,- Paxıl İbiş təəssüflə dedi.

-Allah qəni-qəni rəhmət eləsin,- Hacıqulu dilləndi.- Axır qəminiz olsun. Fatehə!

Yazarlar çaşıb qaldılar. Bəziləri salavat çevirdi, bəziləri də özünün ateist mövqeyini xatırlayıb əlini yanına saldı.

-Diqqət! Diqqət! – radiodan Fatma Qaracanın zabitəli səsi gəldi.

“Yüz faiz ölüm xəbərini verəcək”,- donosçu Əbləh düşündü.

“Gənc yazıçı Kamil Kəllə son dəqiqədə xilas edilib, – radiodakı zəhmli səs gurladı.- Hazırda yazıçı əməlindən peşman olduğunu bildirir və üzrxahlıq məktubu yazır. Məktub yaxın dəqiqələrdə radiomuzun efirində oxunacaq. Bizi izləyin”.

-Gör e. Belə intihar olar? – avtobusdakı kişi deyindi,- Bizim vaxtımızda adam özünü öldürürdü, qurtarırdı. İndi “belə eləyəcəm, elə eləyəcəm”, ortada da heç nə yox. Biabırçılıq!

Şəhərə ölü sükut çökdü. Bircə donosçu Əbləhin beynində fikirlər qaynayırdı. “Məsələn, Kamil Kəllə əslində etiraz əlaməti olaraq qollarını kəsib desəm? Onun ətrafı da şübhə altına düşər. Yaxud dini təriqət məsələsi… Hər halda, bu olaydan ağıllı adam mənfəət çıxarardı,”-deyə düşündü.

Camaat yenə xəbərsiz qaldı. Amma ümidlərini itirməmişdilər. Ac qurdlar kimi gözləri dərd gəzirdi. Öz dərdlərini unutmaq üçün bu yeganə yol idi.

-Hamı bir yerdə özünü körpüdən ata bilməz ki,- köstəbək baş redaktor dedi.- Halbuki belə kütləvi intiharlar olub.

Baş redaktor tarixin meşəliyində qurdalandı. Yenə əlavə etdi:

Ancaq indi olmaz. Şairlə yazıçı bizi pis vəziyyətdə qoydu. Heç gözləməzdim onlardan. Bu zibili edirsən axıracan elə də! Mənim babam deyərdi ki, çalış oyuna düşmə, düşdünsə də axıra qədər oyna.

-Day deməyin…- donosçu Əbləh dilləndi,- bəs intiharın arxasında dini təriqət məsələsi var iddialarına nə deyirsiz?

-Bilmirəm vallah. Saqqalı uzun, saç da uzun… Ərəbcə sözlər də işlədirmiş. Bəlkə də oyun oynayırmış?- baş redaktor başını qaşıdı.- Bura bax, bəs ağsaqqal hardadır?

-Dünənki hadisədən sonra ürəyi tutub. Oğlanları deyib ki, atamıza bir şey olsa, Kəlləni özümüz körpüdən atacağıq.

-Görək də…- baş redaktor fikirli-fikirli dedi.

-Canımçün, Kamil Kəllə haqqında elə gözəl nekroloq yazmışdım,-Dəli Cümşüd dedi.- bütün gecəni oxuyub ağlamışam.

-Daha niyə ağlayırdın ki?- baş redaktor tərs-tərs baxdı.

-Çox təsirliydi, ondan,- deyə cibindən kağız çıxartdı.- Oxuyum?

Əşi, oxu da,- köstəbək dilxor-dilxor dilləndi.

Dəli Cümşüd boğazını arıtladı:

-O, ədəbiyyatımızın gözlüksüz belə uzaqgörən yazarlarından idi. O, çox uzaqlara gedəcəkdi. Çünki uzaqlardan gəlmişdi, çox uzaqlardan…

-Əşi, saxla görək, – baş redaktor bezgin-bezgin dilləndi,- çox uzağa getdin e. Nə isə. Bəlkə gedək bir vuraq? Onsuz da günümüz alınmadı.

-Odey Alkaş Yetim də gəlir,- kimsə rəqs edə-edə gələn kişini göstərib dedi.

-Bax sənin toyunda mən belə rəqs edəcəkdim! İnanmırsan, ay mənim gözəl dostum, Kamil Kəllə!- Alkaş Yetim indi də yazıçının öldüyünü sanırdı,- Mən də gəlim, hə?

Ə bu səfehi boş verin,- baş redaktor əsəbiləşdi- bunun ağlı başında deyil. Əlisi dəli, Vəlisi dəli. Qırılmışın hamısı dəli!

Alkaş Yetim hələ də ağlayırdı:

İndi mən neyləyim? Hə? Heç olmasa yüz-yüz zakaz verib gedərdiniz. Mən də içib deyərdim ki, ruhun şad olsun, Tərs Söyün! Ruhun şad olsun, Kamil Kəllə! Gör qardaşınız sizi necə yad edir! İçə-içə! Rəqs edə-edə!

***

Köstəbək baş redaktor dəstəsilə çayxanaya daxil olmuşdu ki, xəbər quş kimi şığıdı:

-Qoymayın, Alkaş körpüdən uçdu!

-Necə yəni uçdu?

-Vallah uçdu! Öz gözlərimlə gördüm!- hadisənin şahidi olan gənc ədəbi işçi dedi, – hələ telefonuma da çəkmişəm!

Göstər görək! –

Ədəbi işçi fərəhlə telefonunu çıxardı.

-Mən belə olayları diqqətdən qaçırmaram. Alkaş körpüyə yaxınlaşan kimi hiss elədim ki, nəsə olacaq. O saat telefonumu çıxardım. Alkaş bir az tərəddüd elədi, sonra qabağa cumdu və körpüdən tullandı! Heç üzgüçülər olimpiadalarda suya bu cür tullanmırlar!

Çayxanadakılar videoya tamaşa edirdilər.

-Kim deyərdi ki, Alkaş Yetim bunu edəcək. Doğrudan da quş kimi uçub,- köstəbək baş redaktor dedi.

O saat canlanma başladı:

-Ə, televiziyalara xəbər edin!

-Televiziya nədir, birinci bizim qəzet yazacaq!

-Özüm ölüm, qoymaram, bizim saytda gedəcək!

-Mən yazajam, başınız haqqı!

-Necə yəni mən yazajam? Mənim nekroloqum hazırdı!

-Sən Kəllə haqqında yazmamışdın?

-Nə səfehləyirsən? Adını dəyşəcəm də. Bir bax. “O, uzaqlardan gəlmişdi, çox uzaqlardan…”

-Kiriyin! – köstəbək baş redaktorun səsi çayxananı bürüdü. Hamı susdu.

-Kim nə deyir desin, Alkaş Yetim kişi kimi hərəkət elədi,- baş redaktor dedi.- Halal olsun.

Yazarlar fərəh hissilə “halal olsun” deyə-deyə qələbəliyin irəlilədiyi körpüyə doğru getdilər.

 

Müəllif: Günel NATİQ

27-29 avqust 2018

Mənbə: Azərbaycan.media