Azərbaycan.media xəbər verir ki, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı 8 Noyabr-Zəfər Gününün beşinci ildönümü münasibətilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində yaddaqalan tədbir keçirib. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, şəhid valideynləri, ərazi partiya təşkilat sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çay süfrəsi ətrafında səmimi mühitdə baş tutan tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı iştirakçıları xalqımızın qan yaddaşına əbədi həkk olunan Zəfərimizin 5-ci ildönümü münasibətilə təbrik edib. Bildirilib ki, Vətən müharibəsində tarixi
ədalət bərpa olundu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi və 8 Noyabr – Zəfər Günü xalqımızın milli həmrəyliyinin, iradəsinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin parlaq təcəssümüdür. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin sürətlə aparılması, “Böyük Qayıdış”ın reallığa çevrilməsi dövlət başçısının uzaqgörən siyasətinin bariz nümunəsi kimi qeyd edilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixinin şanlı qürur salnaməsi olduğunu vurğulayıb. O, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə ölkəmizin suverenliyinin tam bərpa edilməsinin tarixi əhəmiyyətini diqqətə çatdıraraq, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli bayrağımızın qaldırılmasının xalqımıza sonsuz qürur yaşatdığını bildirib. Qeyd olunub ki, 8 Noyabr münasibətilə Bakıda keçiriləcək Zəfər paradı dövlətimizin qüdrətini, ordumuzun rəşadətini bütün dünyaya növbəti dəfə nümayiş etdirəcək.
Tədbirdə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, şəhid ataları, ərazi partiya təşkilat sədrləri və digər natiqlər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzun igidliyi sayəsində təmin edildiyini vurğulayaraq, Zəfərin xalqımız üçün qürur mənbəyi olduğunu bildiriblər.
Tədbirdə Təzəkənd kənd ərazi partiya təşkilatının sədri Rüdinil Bağırov 65 illik yubileyi münasibətilə təşkilat qarşısında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” ilə təltif olunub və ona hədiyyə təqdim edilib.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər

Mənbə: Azərbaycan.media
