🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Lənkəran sakini əməliyyatdan sonra vəfat edib

Azərbaycan.media xəbər verir ki, Lənkəran şəhər sakini, 1965-ci il təvəllüdlü Şiyavuş Rzayev əməliyyatdan sonra dünyasını dəyişib.

APA-nın cənub bürosunun məlumatına görə, oktyabrın 28-də Ş. Rzayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına qarında yırtıq diaqnozu ilə daxil olub və əməliyyat olunub. Həyat yoldaşı Azadə Rzayevanın sözlərinə görə, əməliyyatdan sonra Ş. Rzayev özünü pis hiss edib:

“Ölümə səbəb həkim səhlənkarlığı olub. Əməliyyatı aparan İshaq həkim yoldaşımın bağırsağını deşib, nəticədə qarın şişib və zəhərlənmə baş verib. Xəstəxananın digər həkimləri əllərindən gələni etdilər və 2 gün sonra onu yenidən əməliyyata aldılar, lakin artıq gec idi və yoldaşımı xilas edə bilmədilər. Əməliyyatdan sonra İshaq doktoru xəstəxanada tapa bilmirik.”

Meyit məhkəmə-tibbi ekspertizası aparılması üçün Lənkəran Rayonlararası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

TƏBİB isə APA-ya açıqlamasında bildirir ki, oktyabrın 29-da Ş. Rzayev təcili yardım şöbəsinə kəskin qasıq ağrısı, şişkinlik, ürəkbulanma və qusma şikayətləri ilə daxil olub. Ona sol tərəfli boğulmuş iri həcmli qasıq yırtığı diaqnozu qoyulub və təcili əməliyyat olunub. Əməliyyatdan sonra vəziyyəti müsbət qiymətləndirilsə də, noyabrın 1-də vəziyyəti qəflətən pisləşdiyi üçün yenidən əməliyyata alınıb. Bu prosedur zamanı sol tərəfli hemikolektomiya və stoma qoyulması icra edilib.

Reanimasiya şöbəsində bütün tibbi tədbirlərə baxmayaraq, Ş. Rzayev noyabrın 4-də saat 07:30 radələrində vəfat edib.