Azərbaycan.media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi UNESCO-nun 15 dekabr tarixini “Dünya Türk Dilləri Ailəsi Günü” elan etməsi barədə qərarını yüksək dəyərləndirib.
Nazirliyin “X” sosial şəbəkəsində yayılan açıqlamada bildirilir ki, bu qərar Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında qəbul edilib. Qeyd olunur ki, 15 dekabr tarixi Orxon-Yenisey abidələrinin — bütün türk dillərinin ortaq köklərini və birgə tarixi irsini əks etdirən ən qədim yazılı nümunələrin oxunmasının ildönümünə təsadüf edir.
“Azərbaycan bu mühüm qərarı zəngin dil irsimizin qeyd olunması, qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilində əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində əlamətdar addım kimi alqışlayır”, – deyə Xarici İşlər Nazirliyinin paylaşımında vurğulanıb.
