Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı ölkənin iqtisadi göstəriciləri ilə bağlı fikirlərini bölüşüb. Dövlət başçısı ümumi daxili məhsulun (ÜDM) artımının aşağı olmasının əsas səbəbinin neft hasilatının obyektiv səbəblərdən azalması ilə bağlı olduğunu qeyd edib və iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsinin qeyri-neft sektoru olduğunu vurğulayıb.
Bakupost.az-ın məlumatına görə, iqtisadçı alim və millət vəkili Vüqar Bayramov bildirib ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycanda ÜDM 1,3 faiz artıb, lakin qeyri-neft-qaz sektorunda artım 2,9 faiz təşkil edib. Bu isə göstərir ki, qeyri-neft sektoru ümumi iqtisadi artımı 2 faiz bəndi üstələyərək ölkə iqtisadiyyatının əsas drayverinə çevrilib. Eyni dövrdə neft-qaz sektorunda əlavə dəyər 1,9 faiz azalıb.
Vüqar Bayramov əlavə edib ki, neft hasilatının azalması enerji sektorundakı azalmaya səbəb olub: “Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,6 faiz azalarkən, qaz hasilatı 2,8 faiz artıb. Bu da enerji balansında dəyişikliklər olduğunu və qaz hasilatının artım tempini qoruduğunu göstərir.”
Alim həmçinin bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması ilə bağlı islahatlar dərinləşərək real sektorun inkişafı üçün yeni imkanlar yaradır.
