İnsan həyatda qazandığı hər bir tikəyə bir sınaq kimi baxmalıdır, çünki ruzi yalnız maddi nemət deyil, həm də ilahi bir əmanətdir. Ustadlar deyiblər: “Halal ruzi insanın alnında yazılar, haram ruzi isə onun taleyini qaraldar.” Hər bir nemət içində yaradılışın sirrini daşıyır, çünki Allahın insana verdiyi ruzi, həm onun qisməti, həm də imtahanıdır. Bəzən insan düşünür ki, başqasının haqqını qəsb etməklə qazanacağı pul ona güc verəcək, həyatını rahatlaşdıracaq, imkanlarını genişləndirəcək. Ancaq həyatın görünməz qanunları belə işləmir. Haqqı yeyilən insanın göz yaşı torpağa düşməz, göyə qalxar; onun duası və ahı illərlə çəkilsə də, cavabsız qalmaz.
İnsanın qazancı bir ömür kitabının səhifələrinə yazılır. Bu səhifələrə düşən hər tikə, hər quruş ya nurla yazılır, ya da qaranlıqla. Halal qazancın yazısı şəffaf bir iz kimi insanın yolunu açır, ancaq haram ruzi səhifəni çirkləndirər, insanın taleyinə dolaşıqlıq gətirər. Dünyada elə insanlar var ki, var-dövlət içində çabalayırlar, amma xoşbəxt deyillər. Çünki bərəkət çoxluqda deyil, halallıqda gizlidir. Bərəkət, görünməz bir ilahi toxunuşdur, evi isidən, insanın qəlbinə rahatlıq verən, bir tikəni doyuran, azı çox eləyən bir sirrdir. Bu sirr yalnız halala qonur, haramın üstünə heç vaxt enməz.
Başqasının haqqını yemək yalnız pul oğurlamaq deyil, bir insanın ömründən, səbrindən, zəhmətindən, ümidindən bir parça qoparmaqdır. Kimin haqqına girilibsə, onun gecə çəkdiyi ah, fəryad etmədən etdiyi dua, içindəki sükutun acısı, zülmə qarşı qaldırdığı göz, bütün bunlar bir gün haqqa dönərək cavabını alır. Haqqı tapdalanan insan bəzən səs çıxarmaya bilər, amma Allah sükut edənlərin qəlbindən keçənləri eşidər. Ona görə də başqasının haqqı ilə qazanılan ruzi insanın ömrünə yük, evinə bəla, qəlbinə narahatlıq gətirər.
Haram ruzi bir evin divarlarına hopan soyuq havaya bənzər; zahirdə hər şey yerində görünər, amma içəridə bir üşümə, səbəbsiz bir sıxıntı, izah olunmayan bir gərginlik dolaşar. Çünki haram tikə ruhu zəhərləyir, insanın dua qapılarını tıxayır, ruzinin yolunu bağlayır. Halal ruzi isə bərəkətin açarıdır; kasıb da ola bilərsən, amma hüzurun olar, az da yeyə bilərsən, amma doyarsan, çətinlik görə bilərsən, amma yolun açılar. Halalın özündə gizli bir dua var, insanı qoruyan bir nur var.
Cəmiyyət də halallığın üzərində dayanır. Bir ölkənin, bir toplumun bütövlüyü insanların vicdanlı davranışlarından asılıdır. Əgər insanlar haqq yeyərək varlanmağa çalışsalar, orada ədalət çökər, güvən itər, birlik dağılır. Çünki haqqı yeyilən hər insanın qəlbində bir sızı, bir yarımçıq dua, bir göz yaşı qalır. Bu göz yaşı yalnız bir fərdin deyil, bütün cəmiyyətin bərəkətini əlindən alır. İllər keçdikcə insanlar unuda bilər, amma ilahi ədalət unutmaz.
Ruzinin bərəkəti insanın qəlbinə təsir edən bir qüvvədir. Halal qazanılan çörək insanı mənən böyüdür, ruha yüngüllük, ailəyə sülh, ömrə rahatlıq gətirir. Haramla qazanılan pul isə ağır bir daş kimidir; cib doludur, amma ürək boşdur, ev genişdir, amma içi soyuqdur, süfrə zəngindir, amma doyum yoxdur. Çünki bərəkət yoxdur. İnsan çox qazanmaqla zəngin olmur; halal tikə ilə ucalır.
Nəticədə məsələnin mahiyyəti budur ki, başqasının haqqını yeyən insan öz ruzisini qısaldır, öz evinin bərəkətini söndürür və öz taleyinə qaranlıq salır. Halal zəhmət isə insanı ancaq yüksəldir. O zəhmətin gətirdiyi ruzi bəlkə çox olmaz, amma hər tikəsi dua kimi, işıq kimi, hüzur kimi insanın ömrünə yazılar. Dünyanın bütün hikmətləri bir həqiqətdə birləşir. Halal olmayanın bərəkəti olmaz, haqqın üstündə qurulan çörək ucalmaz, amma halalla qazanılan bir tikə belə sahibinə həm dünyada, həm də axirətdə səadət gətirər.
Müəllif: Sevil Azadqızı.
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlil-tənqidçi. Şair-publisist.
01.11.2025
Mənbə: Azərbaycan.media
