Azərbaycan.media xəbər verir ki, oktyabrın 31-dən noyabrın 2-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən Zeytun Festivalı paytaxt sakinləri və qonaqlara unudulmaz təəssüratlar yaşadır.
Festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrini, yerli istehsal məhsullarını və milli kulinariya irsini tanıtmaqdır.
Tədbirdə iştirak edən Cənubi Azərbaycan əsilli fransız fotoqraf Rza Deqati Azərbaycanın zeytunçuluq potensialını yüksək qiymətləndirib. O bildirib ki, “zeytun yağı dünyanın ən keyfiyyətli və faydalı yağlarından biridir, lakin çox az adam Azərbaycanda bu sahənin inkişaf etdiyini bilir. İçərişəhər kimi tarixi məkanda belə festivalın təşkili Bakının mədəni ruhuna gözəllik qatır”.
Festivalda yerli istehsalçılar da fəal iştirak ediblər. “Ziraolives” şirkətinin meneceri İlkin Əliyev bildirib ki, şirkət artıq 9 ildir təbii və qatqısız zeytun məhsullarının istehsalı ilə məşğuldur: “Məhsullarımız – zeytun yağları, turşular, mürəbbələr, əzmələr və sabunlar kimyəvi qatqılardan uzaq, tam təbii şəkildə hazırlanır. Yeni məhsulumuz olan zeytun sabunları tərkibindəki təmiz zeytun yağı ilə həm dəriyə, həm də sağlamlığa faydalıdır”.
“Miad” şirkətinin marketinq meneceri Fidan Əliyeva isə zeytunun insan sağlamlığı üçün əvəzsiz məhsul olduğunu qeyd edib: “Zeytun həm daxili orqanizm, həm də gözəllik baxımından çox faydalıdır. Onun tərkibindəki minerallar və vitaminlər həm dəri, həm saç, həm də mədə sağlamlığı üçün olduqca xeyirlidir”.
Festival çərçivəsində ziyarətçilər üçün müxtəlif ustad dərsləri, sərgilər, musiqili çıxışlar və zeytun yağı ilə hazırlanan xüsusi menyular təqdim olunur. Tədbir həm yerli sakinlər, həm də Bakıya gələn turistlər üçün əsl dad və mədəniyyət bayramına çevrilib.
