Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Tədbirin açılışında çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov bildirib ki, akademiyanın 80 illiyi yalnız yubiley deyil, həm də Vətənə elmlə xidmətin, milli düşüncənin və intellektual gücün təntənəsidir: “Azərbaycan Milli Elmlər Akademiyası elmin milli məbədidir. Bu məbəd yalnız tədqiqatların aparıldığı yer deyil, həm də elmə inamın, düşüncəyə hörmətin rəmzidir”.
Rektor vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində AMEA Azərbaycanın intellektual dayağı və beyin mərkəzi kimi formalaşıb və bu uğurlu siyasət sayəsində Azərbaycan elmi yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə elmin inkişafı dövlətin prioritet istiqamətlərindən birinə çevrilib. Rektor qeyd edib ki, elmi tədqiqatların rəqəmsallaşdırılması, innovasiyaların dəstəklənməsi və gənc alimlərin inkişaf proqramları müasir çağırışlara uyğun elmi işlərin aparılmasına xidmət edir.
Ədalət Muradov AMEA ilə UNEC arasındakı elmi əməkdaşlığa da toxunub: “Son beş ildə “Scopus” və “Web of Science”də UNEC və AMEA alimlərinin birgə müəllifliyi ilə 333 elmi əsər dərc olunub və bu əsərlərə ümumilikdə 2050 istinad edilib”.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında Prezident İlham Əliyevin Sərəncamı ilə akademiyanın 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsini elmə verilən yüksək dəyər kimi qiymətləndirib: “Bu Sərəncam Azərbaycan elminə, alimlərinə və ziyalılarına dövlətimizin verdiyi hörmətin və etimadın təzahürüdür”. Akademik AMEA-nın zəngin tarixindən danışaraq vurğulayıb ki, akademiya respublikanın elmi-intellektual potensialının formalaşmasında və elmi düşüncənin inkişafında mühüm xidmətlər göstərib.
Tədbirdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov və Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə də çıxış edərək akademiyanın ölkə elminin inkişafına verdiyi töhfələrdən danışıblar. Onlar AMEA-nın Azərbaycanın elmi düşüncə tarixində silinməz izlər qoyduğunu və bu gün də elmin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını bildiriblər.
