Milli Məclis müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, quraşdırılması və idarə olunması üçün vahid səlahiyyətli qurumun müəyyənləşdirilməsini qanuniləşdirib.
Azərbaycan.media xəbər verir ki, bu dəyişiklik “Avtomobil nəqliyyatı haqqında” qanuna əlavələr şəklində Milli Məclisin üçüncü oxunuşda qəbul edilib.
Qanuna əsasən, hazırda Bakıda dayanacaqların təşkili və idarə olunması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, digər ərazilərdə isə yerli icra hakimiyyəti başçılarının səlahiyyətindədir. Yeni qaydaya görə, dayanacaqların müəyyənləşdirilməsi, quraşdırılması, idarə olunması və saxlanması vahid qurum tərəfindən həyata keçiriləcək ki, bu da ölkə üzrə sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəlməsinə və vahid standartların tətbiqinə xidmət edəcək.
Eyni zamanda qanuna beynəlxalq yük daşınmalarına dair əhəmiyyətli dəyişikliklər də daxil edilib. “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı əlavə protokola qoşulma qəbul edilib. Bu yenilik yük göndərən, daşıyıcı və alıcı arasında öhdəlikləri müəyyən edən kağız formatlı beynəlxalq nümunəli sənədin (CMR) elektron şəkildə tərtibinə imkan yaradacaq.
Elektron CMR sənədi sənədlərin idarəsini, qorunmasını və sürətli mübadiləsini asanlaşdırır, daşımalarda xərcləri azaldır və təhlükəsizlik səviyyəsini artırır. Həmçinin, avtomobil nəqliyyatı sahəsində rəqəmsallaşmanı dəstəkləyərək, sektor iştirakçılarının çevikliyi və şəffaflığını yüksəldəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
