Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “ZəfərFest-5” yaradıcılıq festivalı keçiriləcək. Azərbaycan.media xəbər verir ki, bu barədə 525.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Vətən müharibəsində qazanılmış tarixi qələbəyə həsr olunan festival artıq beşinci ildir ki, təşkil olunur. “ZəfərFest” hər il məktəblilərə və gənclərə vətənpərvərlik ruhunu nümayiş etdirmək və yaradıcılıq potensialını göstərmək üçün mühüm platforma rolunu oynayır.
Festivalın əsas məqsədi Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anmaq, Azərbaycan Ordusunun şanlı zəfərini və ölkənin ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mahiyyətini gənc nəslə çatdırmaqdır.
Tədbir eyni zamanda ordumuzun qəhrəmanlığını, Vətən müharibəsində əldə edilmiş tarixi nailiyyətləri və bu zəfərin bütövlükdə türk dünyası üçün əhəmiyyətini gənc nəsildə təbliğ etməyə xidmət edəcək.
