Vətən torpaqlarını azad edən qəhrəmanlar – canı ilə azadlıq yolunu işıqlandıran şəhidlərimizə, yarasını qürurla daşıyan qazilərimizə və mübariz ruhları ilə millətə güc verən veteranlarımıza sonsuz minnətdarıq.
Sizin sayənizdə torpaqlarımız düşmən tapdağından azad edildi, Qarabağın sükutu dirçəlişin səsinə çevrildi, külə dönmüş ocaqların yerində yenidən həyat cücərdi.
Kəndin yolları tanımırdı onu. Uçmuş divarlar, dağılmış həyətlər, viranə qalmış yurd yeri lal sükuta qərq olmuşdu. Hər daşın altında gizli bir nəfəs, hər torpaq qatında unudulmaz xatirə yatırdı. Kimsəsiz kəndin bağrı yarılmış, ahı göylərə dirənmişdi.
Bir zamanlar burada həyat vardı. Səhərlər quşların səsi ilə açılır, təndir çörəyinin qoxusu kəndi bürüyürdü. Uşaqlar həyətlərdə qaçışar, bulaq başında növbə ilə su daşınardı. Günəş daha parlaq doğar, gecələr ulduzlar torpağa enəcək qədər yaxın durar, sanki insanın sirdaşı olardı. Qapılar açıq qalardı, çünki qorxu yox idi. İnsanlar bir-birinə inanardı. Gülüşlər ocaqlardan bayıra daşıb bütün kəndin sinəsinə yayılardı.
İndi o bulaqlardan əsər-əlamət qalmamışdı. Yeri də bilinmirdi. Təbiət sanki utanmışdı bu dağıntıdan, üstünü ot basmışdı. Kənddə artıq səs yox idi. Təkcə torpağın nəfəsi eşidilirdi. O da dərin-dərin köks ötürürdü.
Ocaqlar sönmüş, bacalar susmuşdu. Nəsillərin izi- baba əllərinin istiliyi, nənə nağılının nəfəsi, uşaq gülüşünün sevinci külə dönmüşdü. Daş daş üstə qalmamışdı. Divarlar yıxılıb torpağa qarışmış, həyətlər tikan içində itib-batmışdı. Qəribə sükut vardı-
məzar sükutu…
Dilə gəlsə nələr danışardı. Nələrə şahid olmuşdu yetim qalmış yurd yeri – işgəncələrlə öldürülən sahiblərinin ah-naləsinə, zorlanan gəlinlərin,qızların çığırtısına, parçalanan uşaq bədənlərinin al qanına… Torpağın yaddaşına bu yurdun ən qorxunc və qanla yazılmış tarixi həkk olunmuşdu.
Addım-addım gəzdi ata yurdunu. Hər addımı ilə iz axtardı – uşaqlığın izi, gəncliyin nəfəsi, ananın qoxusu, atanın addım səsləri… Amma tapmadı. Çünki düşmən bu yerlərdən vəhşiliklə keçmişdi. Nə qədər xatirə vardısa, hamısı yanmışdı. Təkcə yaddaş qalmışdı – qırılmış, qanlı, amma sönməyən yaddaş.
Əllərini torpağa uzatdı. Torpaq isti idi, sanki illərlə susub saxladığı həsrəti indi paylaşmaq istəyirdi. Gözləri doldu, ancaq ağlamadı. Çünki torpaq qayıdışı gözləyirdi.
Həmin an anladı: kəndi deyil, ömrünü itirmişdi. Və xalqın başına gələn faciə yalnız torpaqda yox, insanın içində də xarabalıq yaratmışdı. İnsan öz evsizliyini torpağın dağınıq daşlarında deyil, qəlbinin dərin boşluğunda dərk edirdi.
Torpaq isə yaşayırdı. Çünki qopan hər kərpicin, uçan hər divarın bağrından bir nəfəs, bir ağrı,bir həyat boylanırdı və o nəfəs bir gün külün altından alov kimi yüksələcək, illərin susqunluğunu yaracaq, torpağı yenidən həyatla yoğuracaqdır. Torpağın yaddaşı isə heç vaxt unutmur; o yaddaş xalqın qanında, ruhunda, duasında döyünürdü.
İnsanlar doğma torpağın çağırışına səs verib, əzəli və əbədi yurdlarına qayıdacaqlar. Külə dönmüş evlərin yerində yenidən ocaqlar yanacaq, susmuş həyətlərdə həyatın səsi- uşaq gülüşləri, ana nəğmələri eşidiləcək. Torpaq illərlə sükutla qoruduğu haqqı geri alacaq. O gün şəhidlərin ruhu zamanın sükutunda deyil, xalqın dirçəlişində rahatlıq tapacaq .
Müəllif: MƏNSURƏ XƏLƏFBƏYLİ
yazıçı- publisist
