🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qərb mediası: “Putin öz rejimini gücləndirmək üçün düşmən axtarır – bu, Kremlin paranoyasını nümayiş etdirir”

Ukrayna ilə müharibənin yaratdığı iqtisadi çətinliklər və cəmiyyətin narazılığı Rusiya Prezidenti Vladimir Putinin çevriliş qorxularını daha da artırıb.

“The Telegraph” qəzetinin məlumatına görə, Putinin narahat olmağa səbəbləri artır: Avropa İttifaqı və ABŞ yeni sanksiyalar tətbiq edir, biznes yüksək faiz dərəcələri ilə iflic vəziyyətinə düşüb, dövlət borcu artır, inflyasiya sürətlənir. Rusiya İqtisadi İnkişaf naziri Maksim Reşetnikov iqtisadiyyatın “tənəzzülün astanasında” olduğunu açıqlayıb. Dövlət statistika xidməti Rosstat bildirir ki, müharibənin başlanmasından bəri inflyasiya 40%-i ötüb.

Maliyyə Nazirliyinin proqnozuna görə, Rusiyanın 2025-ci ildə büdcə kəsiri ÜDM-in 2,6%-i, yəni 5,7 trilyon rubla çata bilər. Bu, planlaşdırılan göstəricidən beş dəfə çoxdur. Kəsiri ödəmək üçün hökumət vergiləri artırmaq (2026-cı ildən ƏDV 22%-ə qalxa bilər) və daxili borclanmanı genişləndirmək məcburiyyətində qalacaq. Büdcə kəsirinin bağlanması üçün nəzərdə tutulan Milli Rifah Fondunun vəsaiti isə müharibədən əvvəlki 10 trilyon rubldan 4,2 trilyon rubla düşüb, Qərb tərəfindən dondurulan vəsaitin bir hissəsi isə Ukraynaya verilib.

Neft gəlirləri azalır, Ukrayna zavodlarına edilən zərbələr benzin və dizelin həm bahalaşmasına, həm də keyfiyyətinin düşməsinə səbəb olub. Harvard Universitetinin Rusiya və Avrasiya Tədqiqatları Mərkəzinin əməkdaşı Kreyq Kennedi Rusiyada bank böhranı təhlükəsinin real olduğunu vurğulayıb. Onun sözlərinə görə, hərbi müəssisələrin borcu 190 milyard dollara, yəni ölkənin illik büdcəsinin təxminən 37%-inə çatıb. “Bloomberg”in məlumatına görə, bəzi böyük banklar kreditlərini yığa bilməyərək Mərkəzi Bankdan kömək istəyib.

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsində irəliləyiş olmaması səbəbilə “Rosneft” və “Lukoil”ə sanksiyalar tətbiq edib, bunun ardınca Çin və Hindistan Rusiya neftinin idxalını azaldıb. Qəzet yazır: “Üç il yarımdan sonra ilk dəfə Rusiya həqiqətən ağrını hiss edir və bu, Kremldə panika yaradır.”

Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin fəxri direktoru Angela Stent bildirir ki, Putinin yaxın ətrafı mövcud vəziyyətdən çıxış yolu axtarır. Bunun üçün müxalifəti nüfuzdan salmaqla “Qərbin Rusiyanı parçalamağa çalışdığını göstərmək” siyasəti yürüdülür.

14 oktyabrda FSB ölkədə “konstitusiya quruluşunu dəyişdirmək” məqsədilə keçmiş “Yukos” sahibi Mixail Xodorkovski və Müharibəyə Qarşı Komitənin 22 üzvünə qarşı cinayət işi açıb. Londonda mühacirətdə olan Xodorkovski ittihamları “müxalifəti qorxutmaq üçün hazırlanmış yalan” adlandırıb.

Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru və ABŞ-nin Ukraynadakı keçmiş səfiri Con Herbst deyir: “Bu, Kremlin paranoyasını nümayiş etdirir – Putin öz rejimini gücləndirmək üçün düşmən axtarır.”

Qeyd olunur ki, Putin 2023-cü ilin iyununda real dövlət çevrilişi cəhdinə məruz qalıb. “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin Moskvaya hərbi yürüş planlamış, lakin son anda geri çəkilmişdi. Həmin günlərdə Putinin hakimiyyətinin zəifliyi açıq görünüb, əhali və siyasi elita onu müdafiə etməmişdi. Sonrakı aylarda isə Priqojin və yaxınlarının olduğu təyyarə partladılıb.

Hazırda hərbi müxalifət nəzərə çarpmasa da, sosial narazılıq və iqtisadi çətinliklər ciddi təhlükə yaradır. Cəbhədəki itkilər, siyasi və biznes elitasının narazılığı, Qərbin artan təzyiqləri Putinin çevrilişdən qorxmaq üçün kifayət qədər əsasının olduğunu göstərir.

Azərbaycan.media