Bir dəfə bir rus xanım teleaparıcının müsahibəsində oxumuşdum:
“Yalqızlıq bilirsiniz nədir? Sizin telefonunuz var, amma zəngli saatınız zəng çalır”.
Mən də tənhalığı mobil telefonla hiss etdim. Nə vaxt ki, mobil telefon mənim üçün zəngli saatı, gündəliyi və təqvimi əvəz elədi. Əsas funksiyasını unutdum bir ara. Elə “saat” deməyə başladım telefona:
“Saatımı görməmisiniz?”
“Telefon demək istədim”, — deyə izah etmək artıq idi. Onsuz da hamı mənə baxanda tənhalığı görürdü.
“Məndə xroniki tənhalıq var”, – demək istədim bir dəfə. Biz bir-birimizə çox bağlıyıq – mən və tənhalıq. Hətta mobil telefonum da bizi ayıra bilmədi. Hətta o adam da, hansı ki, mənim hətta eynəyimi də bəyənirdi.
“Dördgöz”, – deyirdi, kefi kök olanda. Mən də gülürdüm, kefim kök olanda. Hərçənd ikimiz də bilirdik ki, adi bir sözdən inciyib küsə bilirəm.
Amma bu adamın yaxşı enerjisi var idi, məni güldürə bilirdi. Qadınlar onları güldürə bilən adamları xoşlayırlar. Yəqin, o da bunu bilirdi. Yalqızlığım da bilirdi bunu. Ona görə ən xoşbəxt vaxtlarımda da yanımdan ayrılmırdı.
Xatırlayıram, ən pis cəhətlərimi sadalayıb axırda eynək taxdığımı, lap axırda isə öz-özümlə danışdığımı demişdim. Üzünün ifadəsi dəyişmirdi, elə gülümsəyə-gülümsəyə baxırdı, lap axırda isə güldü:
— Bütün keyfiyyətlərini çox sevdim. Ən gözəli isə ən axırıncı olanıydı…
Qəribə adam idi, heç nəyə təəccüblənmirdi. Biz ikimiz dünyanın ən qəribə adamları idik. Çünki ən çox pişikləri, itləri və məhəbbət quşlarını sevirdik. O, tutuquşulara “məhəbbət quşları” deyirdi.
— Yeni bir quş alanda mütləq əlavə bir qəfəs də almalısan. Çünki qəfəsdəki quşlar onu istəməyib incidə bilər. Quş da insan kimidir, hər kəsə ürəyi isinmir. Evdə tək bir erkək quşum vardı. Tək qalmasın deyə dişisini də alacaqdım. Amma təzə quşun qəriblik çəkəcəyindən, istənməyəcəyindən də ehtiyat edirdim. Ona görə dişi quşla bərabər, hər ehtimala qarşı əlavə bir qəfəs də aldım. Evə gətirdim. Elə bil quşlar bu anı gözləyirdilər; elə bil bir-birini lap çoxdan tanıyırdılar. Həsrətlilər kimi bir-birinə sarıldılar. Yəqin ki, “sevgi” deyilən şey bu idi.
O, quşlar haqqında danışır, hardasa zarafata salırdı. Amma mən bilirdim ki, üzüntüsünü o, bu cür ifadə edir. Onun həyatının ən qərib məqamı o tutuquşularla bağlı idi.
— Onlar məni anlayırdı, sən inanırsan?
Mən inanırdım.
— Bizim aramızda qəribə bir təmas vardı. Sanki bir-birimizi hiss edirdik. Mənim həyatdan küsdüyüm vaxtlar idi, — o deyirdi.
Aramızda sulugöz olan mən idim, tutuquşulardan danışanda isə ikimizin də gözləri dolurdu.
— Onların ölümünə mən səbəb oldum, — deyirdi.
Quşlarla bağlı bu hekayət doğrudan kədərli idi.
— Mən onları maşında qoyub siqaret almağa getdim. Şüşələr bağlı idi. Heç nə ağlıma gəlmədi… Bir neçə dəqiqədən sonra qayıtdım… Yerimdə əyləşdim… Arxadan səs gəlmirdi… Halbuki onlar məni gördükləri an səs-səsə verərdilər. Heç vaxt belə səssiz olmazdılar… Mən arxaya çevrildim və…
Onların bağrı çatlamışdı – istidən.
O, özünü qınayır, bu hadisənin şokunu heç cür atlada bilmirdi. Həmin vaxt o, evdən küsmüşdü, əslində, birdəfəlik ayrılmışdı və özüylə yalnız o quşları – məhəbbət quşlarını götürmüşdü.
— Onlar məni anlayırdılar, — deyirdi.
Bəlkə də mən onu o quşlar kimi anlaya bilmədim.
Bəlkə mənim də bağrım çatladı, nə bilim… Mən də öldüm bəlkə – ondan da, özümdən də, yalqızlığımdan da xəbərsiz…
Bəlkə də o, bunda özünü günahkar bildi. Ona görə dönmədi. Geri dönəndə “arxa oturacağa” baxıb əzab çəkməmək üçün.
Mobil telefon səssizdə idi.
Müəllif: Günel Natiq
Mənbə: Azərbaycan.media
