🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ermənistanda Ovanavank məbədində mübahisəli ibadət mərasimi keçiriləcək

Bu gün Ermənistanda Araqatsot vilayətindəki Ovanavank məbədində hökumət tərəfindən dəstəklənən keşiş Stepan Asatryanın ibadət mərasimi təşkil olunacaq.

Azərbaycan.media Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, Asatryan Ermənistan Apostol Kilsəsinin intizam komissiyasının qərarı ilə ruhani rütbəsindən məhrum edilib. Komissiyanın araşdırmaları və Araqatsotn yeparxiyasının rəhbərinin məruzəsi göstərib ki, Asatryanın ictimai çıxışları Kilsənin nüfuzuna xələl gətirib. Daha sonra keşiş hökumətin kilsə strukturlarını tənqid edən siyasətini açıq şəkildə dəstəklədiyini açıqlayıb.

Eçmiədzin isə bildirib ki, Asatryanın ibadət keçirməyə hüququ yoxdur və hakimiyyətin onu dəstəkləməsi Ermənistanda Apostol Kilsəsində parçalanma yaratmaq cəhdi kimi qiymətləndirilir. Qeyd edək ki, Eçmiədzin (əvvəllər Vağarşapat) erməni xalqı üçün xüsusi əhəmiyyət kəsb edən bir şəhərdir.

Səhər tezdən baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə qara geyimdə canlı efirə çıxaraq bildirib ki, “Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib” və bu gün Ovanavankda keçiriləcək liturgiya bu prosesin başlanğıcını simvolizə edir. O, Kilsənin hazırkı iyerarxlarının “bizim müqəddəslərin müqəddəsi – Birinci Taxt Müqəddəs Eçmiədzini murdarlığın zəncirləri altında saxladığını” vurğulayıb.

Paşinyan əlavə edib ki, bu gün Ermənistan Apostol Kilsəsinin hər bir nümayəndəsi və ruhanilər seçim etməlidirlər. Çıxışını Davudun birinci Məzmurunu oxuyaraq tamamlayıb.

Ibadət saat 11:00-da başlayacaq. Ovanavank ərazisinə əlavə polis qüvvələri cəlb edilib və nəzarət gücləndirilib.